“Planımızda komandanın tamamilə Xankəndiyə köçməsi nəzərdə tutulub”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” klubunun baş məşqçisi Röyal Nəcəfov VII turda “Karvan-Yevlax”la matçdan sonra mətbuat konfransında deyib.
Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
– Oyunla bağlı düşüncələriniz nədir?
– Oyunla bağlı deyə bilərəm ki, yaxşı hazırlaşmışdıq. Özünüz də gördünüz, rəqib yaxşı komandadır və ağır qarşılaşma oldu. Əslində, oyun planımız işləmişdi. Sadəcə, bu, elə bir matç idi ki, fərdi səhv edən tərəf hesabda geri düşə bilərdi. Bu gün fərdi səhv bizim futbolçumuzdan gəldi. Buna baxmayaraq, oyunçularımızı günahlandırmıram. Göstərdikləri mübarizəyə və nümayiş etdirdikləri oyuna görə hər birinə təşəkkür edirəm. Həqiqətən yaxşı qarşılaşma oldu. İnanıram ki, siz də mübarizəli və maraqlı oyun izlədiniz.
– Futbolçularda nəfəs darlığı yaşanırdı…
– Bəli, bu, normaldır. Çünki bura yüksəklikdə yerləşir və havanın təmiz olması istər-istəməz futbolçulara təsir göstərir. Xüsusilə də ilk 15-20 dəqiqə ərzində bu təsiri hiss edirlər. Biz iki gün əvvəl gəldiyimiz üçün rəqiblə müqayisədə bu amildən bir qədər az təsirləndik. Amma fiziki baxımdan bunun təsiri, əlbəttə, olur.
– Rəqibinizin oyununu necə dəyərləndirirsiniz?
– Əslində, rəqibin yüksək pillələr uğrunda, eləcə də elitaya qalxmaq üçün mübarizə apardığını bilirsiniz. Bu komanda mövsümün əvvəlindən məşqçisi ilə birlikdə işləyir, transferlər həyata keçirib və birgə təlim-məşq toplanışı keçib. Bizim komandamız isə artıq dördüncü turdur fəaliyyət göstərir. Futbolçuların gec yığılması və xüsusilə yay təlim-məşq toplanışının keçirilməməsi bizim üçün ciddi problem yaradır. Bu, 60-70-ci dəqiqədən sonra fiziki baxımdan komandamıza təsir edir. Nə qədər çalışsaq da, bu problemi aradan qaldırmaq üçün müəyyən vaxt lazımdır. Komandanın fiziki cəhətdən 90 dəqiqəlik oyuna tam hazır olması üçün zamana ehtiyacımız var. Ən vacib məqamlardan biri də ehtiyat oyunçular skamyamızın geniş olmamasıdır. Yorulan futbolçuları görürük, amma onların yerinə eyni keyfiyyətdə oyunçu olmadığından istədiyimiz dəyişiklikləri edə bilmirik.
– Komandada ən böyük problem nədir?
– Komandamızın ən böyük problemlərindən biri də futbolçuların oyun üslubunun bir-birinə bənzəməsidir. Futbol dili ilə desək, müdafiə arxasına açılan oyunçu ilə rəqibin üzərinə gedən, fərdi keyfiyyətləri hesabına təhlükə yaradan futbolçu fərqlidir. Bizdə isə demək olar ki, bütün oyunçuların oyun stili oxşardır. Bu da komandamız üçün ciddi çətinlik yaradır. Qışda transfer etmək asan deyil. Buna baxmayaraq, oyun üslubumuza uyğun futbolçuları heyətə cəlb etmək fikrindəyik. Bunu bacarsaq, yaxşı olar.
– Ot örtüyü barədə nə deyə bilərsiniz?
– Mən belə deyərdim ki, meydança yeni olduğundan, süni örtük olsa da, ot örtüyü hələ tam tapdalanmayıb və nisbətən hündürdür. Bu da futbolçulara ciddi təsir göstərir. Həm bizim, həm də rəqib komandanın oyunçularının ayaqlarında topun ilişməsi halları baş verirdi. Bu, normaldır. Zaman keçdikcə, komandalar meydançaya öyrəşdikcə həmin problemlər də aradan qalxacaq.
– İlk oyununuzu Xankəndi stadionunda keçirdiniz. Özünüz də komandaya yenisiniz və bildirdiniz ki, kollektiv daha da inkişaf edəcək. Qarşıdakı dövrdə Xankəndi stadionunun rəqiblər üçün çətin səfər meydanına çevriləcəyini söyləmək olarmı?
– Çalışırıq ki, belə olsun. Çünki gələcək planımızda komandanın tamamilə Xankəndiyə köçməsi nəzərdə tutulub. Bunun yanvardan sonra, yoxsa yayda reallaşacağı rəhbərliyin verəcəyi qərardan asılıdır. Çalışırıq ki, bütün komanda burada məskunlaşsın və futbolçularımız bu şəhəri, bu komandanı daha yaxından mənimsəsinlər. Rəqib məsələsinə gəlincə, əslində, rəqibi biz özümüz seçmişik. İstəyimiz bu turda deyil, növbəti turda ev oyunumuzu burada keçirmək idi. Yaxud müəyyən proseslərlə bağlı daha əvvəl də bu mərhələyə başlaya bilərdik, amma vaxtımız çatmadı. Buna görə də rəqiblərimizin hamısı ilə qarşılaşmalı olacağıq. Sadəcə, bəzi oyunları bir tur tez, bəzilərini isə bir tur gec keçirmək məcburiyyətindəyik. Qismət bu günə imiş. Rəqib yaxşı komandadır. Amma biz ondan çəkinən, qorxan tərəf deyilik. Hətta bu gün meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futboldur, qismət belə oldu. Amma planlarımızı tam həyata keçirmək üçün mütləq heyəti gücləndirməliyik. Çünki hazırkı heyətimiz həm say baxımından dardır, həm də məsələn, bir futbolçu zədələnəndə və ya yorulanda onu əvəzləyəcək oyunçumuz olmur. Bu problemləri aradan qaldırmaq üçün yaxşı güclənmə dövrü keçirməliyik. Xüsusilə də qış fasiləsində.



No Comment! Be the first one.