Fərid Qayıbov: Xankəndidə millinin oyunları da keçirilə bilər
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan I Liqasında VIII turun “Xankəndi” – “Karvan-Yevlax” oyunundan əvvəl brifinq keçirib.
Sportify.az xəbər verir ki, nazir yenilənmiş Xankəndi Stadionu barədə danışıb:
– Xankəndi şəhər stadionunda ilk dəfə ev oyunu keçirilir. Bu barədə düşüncələriniz nələrdir?
– Xatırlayırsınızsa, Xankəndi azad olunduqdan sonra, 2023-cü il dekabrın 21-də burada ilk oyun baş tutmuşdu. Azərbaycan Kuboku çərçivəsində keçirilən həmin qarşılaşmada “Qarabağ” komandası MOİK-lə üz-üzə gəlmişdi. Bundan sonra ölkə başçısının tapşırıqlarına əsasən stadion yenidən quruldu və elə bu yaxınlarda Prezidentin iştirakı ilə açılışı oldu.
Artıq ilk oyunumuzu keçiririk. Xankəndi komandası doğma şəhərinin stadionunda ilk dəfə meydana çıxır. Təbii ki, bu, hamımız üçün çox sevindirici hadisədir. Bu qədər azarkeşin tribunaya toplaşması çoxdan gözlədiyimiz günlərdən biri idi.
Onu da qeyd edim ki, MOİK də bu stadionda oynamaq qərarına gəlib. Yəni gələn ildən etibarən onlar da ev oyunlarını burada keçirəcəklər.
Stadion UEFA-nın müvafiq kateqoriyasını almaq üçün hazırdır. Burada bütün beynəlxalq standartlara uyğun şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə milli komandamızın da öz oyunlarını burada keçirməsinə çalışacağıq. Təbii ki, bu məsələdə AFFA-dan da asılılıq var.
– Gələcəkdə uşaq futbolu ilə bağlı hər hansı layihələr nəzərdə tutulurmu? Xüsusilə Xankəndidə və işğaldan azad edilmiş, Böyük Qayıdış proqramının icra olunduğu ərazilərdə?
– Hazırda həm bizim nazirliyin, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdə futbol bölmələri də var. Bununla yanaşı, dövlət tərəfindən dəstəklənən MOİK və digər idman klublarında da futbol bölmələri mövcuddur. Bu, dövlətin uşaq futboluna göstərdiyi dəstəyin bir hissəsidir.
Bunlarla yanaşı, bildiyiniz kimi, demək olar ki, bütün futbol klublarının akademiyaları var və orada gənc futbolçuların inkişafı istiqamətində işlər görülür. Azərbaycan çempionatları müxtəlif yaş kateqoriyaları üzrə təşkil olunur. Düşünürəm ki, futbolun təbliği də yaxşı səviyyədədir. Ölkəmizdə 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı da keçirildi. İnşallah, bunun nəticələrini də gələcəkdə görəcəyik.
– AFFA ilə danışıqlar aparılırmı? Aşağı yaş qrupları üzrə millilərimizin burada yoxlama oyunları keçirməsi və ya təlim-məşq toplanışı təşkil etməsi nəzərdə tutulurmu?
– Hazırda bununla bağlı məndə konkret məlumat yoxdur. Amma qeyd etdiyim kimi, stadion bütün beynəlxalq standartlara uyğundur. UEFA nümayəndələrinin gəlib müvafiq kateqoriyanı təsdiqləməsini gözləyirik. Düşünürəm ki, bundan sonra burada yalnız aşağı yaş qrupları üzrə deyil, əsas milli komandamızın da oyunları keçirilə bilər. Hətta UEFA turnirlərinin qarşılaşmalarına da ev sahibliyi etmək mümkün olacaq. Yəni burada müxtəlif səviyyəli oyunların təşkili üçün hər cür şərait var.


No Comment! Be the first one.