Millimiz Gürcüstanda çempion oldu
17 yaşadək yunan-Roma güləşçilərindən ibarət Azərbaycan millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışın qalibi olub.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, turnirə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komanda qatılıb.
Böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.
Ümumilikdə 5 görüş keçirən yığma bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamız ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərinin komandasını, yarımfinalda isə təşkilatçı ölkənin yığma komandasını məğlub edib.
Finalda Acarıstan komandası ilə görüş gərgin mübarizə şəraitində baş keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan Azərbaycan millisi çempionluq kubokuna sahib çıxıb.



No Comment! Be the first one.