Kənan Nəsibov: Sözümün üstündə durdum və yenidən çempion oldum
“Bura titul sahibi kimi gəlmişdim və yenidən çempion oldum. Özümü çox xoşbəxt hiss edirəm”.
Sportify.az-ın məlumatına görə, bu sözləri Azərbaycan cüdoçusu Kənan Nəsibov Zaqreb Qran-prisində qazandığı qələbədən sonra açıqlamasında bildirib.
İdmançı çıxışını dəyərləndirərkən Zaqrebə ikinci dəfə çempion olmaq məqsədilə gəldiyini vurğulayıb: “Zaqrebə gələndə Qran-prinin ikinci dəfə qalibi olacağımı demişdim. Sözümün üstündə durdum və bunu bacardım”.
Qeyd edək ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov finalda Almaniya təmsilçisi Losseni Koneni məğlub edib. Gərgin keçən qarşılaşmada hər iki idmançı iki cərimə xalı alıb. Həlledici anda rəqibinə qarşı uğurlu o-uti-qari fəndi tətbiq edən cüdoçumuz vaza-ari xalı qazanaraq qızıl medala sahib çıxıb.
Beləliklə, Nəsibov Zaqreb Qran-prisinin qalibi olmaqla beynəlxalq arenadakı uğurlu çıxışını davam etdirib. Xatırladaq ki, idmançımız bu il Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.



No Comment! Be the first one.