Amil Ağacanov: “Bu gün bizdə xarakter və istək çatmadı”
“İlk növbədə, bugünkü oyundan azarkeşlərdən başlamaq istərdim. Bu stadionda çox möhtəşəm ab-hava var idi. Həqiqətən, belə stadionların və belə azarkeşlərin Azərbaycan futbolunun inkişafına böyük töhfə verəcəyini düşünürəm. Oyuna gəlincə, qarşılaşmanı iki hissəyə bölərdim. İkinci hissədə daha yaxşı çıxış etdik. Birinci hissə ilə müqayisədə daha çox topa nəzarət etdik, daha aqressiv oynadıq. Amma ilk hissədə top itkilərimiz çox oldu. Baxmayaraq ki, ikinci hissədə qol buraxdıq, həmin hissədə məşqçilər olaraq komandadan müəyyən mənada razı qaldıq”.
Sportify.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin məşqçisi Amil Ağacanov Misli Premyer Liqasının V turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis ardınca jurnalistlərin suallarını cavablandırıb:
– Düşünürsünüz ki, komandanın heyət sayı yetərli deyil? Ehtiyat qüvvəniz demək olar ki, yoxdur. Zədələr olsaydı, bu heyətlə mövsümün sonuna qədər mübarizə aparmaq mümkün olardı?
– Futbolçular var, danışıqlar da gedir. Transfer pəncərəsi bağlansa da, hər şey ola bilər. Amma belə bir məqamı qeyd etmək istəyirəm: transfer oldu, ya olmadı, ilk 11-likdə kim oynayırsa-oynasın, aqressiya göstərmək, mübarizə aparmaq lazımdır.
Bu gün bizdə aqressiya yox idi. Bəzən hansısa futbolçu individual olaraq güclü olur, yaxud taktiki baxımdan üstün xüsusiyyətləri olur və məşqçinin göstərişlərinə yaxşı əməl edir. Amma istək və xarakter yoxdursa, çox çətin olacaq. Bu gün rəqib bizdən daha istəkli idi və nəticədə qələbə qazandı.
– Keçmiş komanda yoldaşlarınızla oyunu izləmək necə hiss idi? Sizə fərqli gəldi?
– Bəli, məlumatım var idi, xəbər etmişdilər, danışmışdıq da. Sağ olsunlar, oradan əziyyət çəkib gəliblər. İstərdik ki, bütün azarkeşlərimizi sevindirək. Təəssüf ki, bu, alınmadı.
Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı analiz etmişdik. Sadəcə, yenə deyirəm, hər şeyin üstündən gələn bir amil var – xarakter. Bu gün bizdə xarakter çatmadı, istək çatmadı.
– Penalti epizoduna baxdıq. Sizcə, həmin vəziyyət necə idi?
– Orada bir qədər əlli-əlli epizod idi. Biz daha çox oyunun özünə fokuslanmışdıq. Hakimlər haqqında, düzü, o qədər də danışmaq istəmirik. Yəqin ki, epizodda penalti olsaydı, hakimlər qərar verə bilərdilər.



No Comment! Be the first one.