Azər Məmmədov: Güclü və iddialı “Kəpəz”i geri qaytarmaq üçün vaxt lazımdır
Misli Premyer Liqasının V turunda “Kəpəz” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov oyunu dəyərləndirib.
Baş məşqçi komandasının hər matçda qələbə qazanmaq üçün meydana çıxdığını bildirib:
“Biz hər oyunda qalib gələcək qədər güclü deyilik. Lakin hər qarşılaşmada qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Ümid edirəm ki, azarkeşlərimiz güclü “Kəpəz” görəcəklər. Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı “Kəpəz”i geri qaytara bilərik”.
A.Məmmədov “Qəbələ” ilə görüşdə komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını qeyd edib:
“Bu gün yaxşı komandaya qarşı oynadıq. “Qəbələ”ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım. Əlimizdə olan maliyyə imkanları ilə qənaətbəxş komanda toplamışıq”.



No Comment! Be the first one.