Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda
Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Sportify.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 üzvü adını 1/4 finala yazdırıb.
Nihat Qasımov (55 kq) ikinci döyüşündə Doryan Kropoqu (Çexiya) yenib. Qasımov üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. O, 1/4 Ruben Hujmannla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Əli Baxışov (60 kq) da növbəti qələbəsini qazanıb. Baxışov bu dəfə Petar Krpanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Kristian Haraşiklə (Slovakiya) döyüşəcək.
Şahin Aslanov (65 kq) isə Muhammad Ali Seferbekovdan (Rusiya) güclü olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). Aslanov 1/4 finalda Yaşua Flemminqlə (İngiltərə) üz-üzə gələcək.
Bununla da oğlan boksçuların yarışında 1/4 finala vəsiqə qazanan milli üzvlərinin sayı 4-ə yüksəlib. Daha öncə Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib.
Qeyd edək ki, bu gün qız boksçuların mübarizəsində Azərbaycanın bir idmançısı 1/8 final, ikisi 1/4 final döyüşünə çıxacaq.


No Comment! Be the first one.