Azərbaycan və Çexiya universitetləri arasında əməkdaşlıq müzakirə olundu
Azərbaycan İdman Akademiyası (ASA), Azərbaycan Tibb Universiteti və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib.
Sportify.az xəbər verir ki, Karlov Universitetində baş tutan görüşdə ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev və Karlov Universitetinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı idman elmləri və reabilitasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında akademik əlaqələrin inkişafı və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Tərəflər, həmçinin bakalavriat səviyyəsində “Fizioterapiya” ixtisasının tədrisinin təşkili və məzmunu, eləcə də gələcəkdə birgə diplom proqramının yaradılması perspektivlərini nəzərdən keçiriblər.
Müzakirələrdə beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanması və təhsil keyfiyyətinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, Karlov Universitetinin Beynəlxalq əlaqələr ofisinin direktoru Silvi Boumova ilə ayrıca görüş keçirilib. Görüşdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.








No Comment! Be the first one.