Aziz Yıldırım: Hakimlər "Fənərbağça"nın haqqını yedilər - VİDEO
Türkiyə Super Liqasının IV turunda “Beşiktaş”a 1:2 hesabı ilə uduzan “Fənərbağça”nın prezidenti Aziz Yıldırım hakim qərarlarını sərt tənqid edib.
Sportify.az-ın məlumatına görə, Yıldırım qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında geridə qalan 4 turda “Fənərbağça”nın əleyhinə hakim səhvlərinin olduğunu bildirib.
Klub prezidenti “Beşiktaş”la matçda iki penalti qərarının verilmədiyini söyləyib: “Bu gün pis oynadıq, yaxşı oynamadıq. “Beşiktaş”ı da təbrik edirik. Amma iki penalti var. Biri 5-ci dəqiqədə Oğuzla müdafiəçi mübarizə apararkən topu əli ilə önünə alır, penalti verilmir. Keremin epizodunda da “çəngəl” atır, yenə penalti verilmir. Biz bunları vursaq, “Beşiktaş” bəlkə yenə qol vura bilərdi. Yaxşı oynamadığımızı qəbul edirik. Amma hakim gördüyünü çalmalıdır”.
Yıldırım VAR hakimlərinin də müdaxilələrini tənqid edib: “VAR yəqin ki, yatır. Heç bir işə yaramayan VAR gətirirsinizsə, bu, həll yolu deyil. Bu hakimlər bacarıqsızdır. Bu şəkildə türk futbolu heç bir yerə gedə bilməz”.
“Fənərbağça” rəhbəri hakimliklə bağlı problemin yalnız öz komandalarına aid olmadığını bildirib: “4 həftədir bütün komandalar şikayətçidir. Buna bir həll yolu tapılmalıdır. Xarici VAR hakimi həll deyil. Federasiya məsələni görməli və çözüm istehsal etməlidir. Biz ədalət istəyirik, bizi qorumaqlarını istəmirik”.
O, həmçinin “Ankaragücü”nün sabiq prezidenti Faruk Kocanın keçmişdə hakim Halil Umut Melərə fiziki hücum etdiyini xatırladıb: “Döyülən hakimin hakimliyini davam etdirsəniz, nəticəsi belə olar. Verdiyi faullara baxın. Penaltiləri versəydi, bəlkə heç-heçə edərdik, hətta yaxşı oynamadığımız halda qazana da bilərdik”.
Yıldırım komandanın heyətindən də danışıb. Klub prezidenti “Fənərbağça”nın qarşıdakı mövsümdə həm Çempionlar Liqasında, həm də derbilərdə uğurlu çıxış edə biləcəyinə inandığını deyib: “Heyətimiz yaxşıdır, daha bir qədər çalışmalıyıq”.
Klub prezidenti sentyabrın 27-də keçiriləcək maliyyə konqresində heyət planlaması ilə bağlı bütün detalları açıqlayacağını da qeyd edib.
Yıldırım son olaraq UEFA-dan cəza alan Matteo Genduzinin apellyasiya prosesinə toxunub. O, klubun müvafiq qurumlara müraciət etdiyini və futbolçunun cəzasının azaldılacağına ümid etdiklərini söyləyib.



No Comment! Be the first one.