Azərbaycan və Litvanın veteran futbolçuları üz-üzə - EKSKLÜZİV
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi münasibətilə Azərbaycan və Litvanın veteranlardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Bu barədə Sportify.az-a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 4-də təşkil olunacaq qarşılaşma saat 12:00-da başlanacaq.
Abdullayev matçın məhz litvalı veteranlara qarşı keçirilməsinin təsadüfi olmadığını bildirib: “1951-ci ildə Respublika stadionu istifadəyə verildikdən sonra ilk oyun sentyabrın 16-da “Neftçi” və Litvanın “Spartak Vilnüs” komandaları arasında gerçəkləşib. Həmin oyun Azərbaycan təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Güman etmək olar ki, litvalılar Bakıya həm də revanş üçün gələcəklər”.

FVİ sədri qonaq komandanın Bakıya əsas milli komanda ilə birlikdə gələcəyini söyləyib: “Litva yığması oktyabrın 4-də saat 17:00-da “Palms Sports Arena”da Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcək. Oktyabrın 3-də Respublika stadionunda “Turan Tovuz”un Türkiyə “Fənərbağça”sı ilə yoldaşlıq görüşü keçiriləcək. Ona görə də veteranların qarşılaşmasını ertəsi günə təyin etdik”.
Qeyd edək ki, hələlik Azərbaycan və Litvanın veteran futbolçularının yoldaşlıq görüşü üçün heyəti açıqlanmayıb.



No Comment! Be the first one.