Firuz Abdulla: Bakı Olimpiya Stadionu Çempionlar Liqasına hazırdır - VİDEO
Bakı Olimpiya Stadionu (BOS) oktyabrın 13-də “Sabah” və Çexiyanın “Slaviya Praqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçına tam hazırdır.
Bu barədə Sportify.az-a BOS-un İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin rəhbəri Firuz Abdulla məlumat verib.
Arena rəsmisi digər sualları da cavablandırıb:
– Yeni vəzifəyə gəldikdən sonra stadion hansı vəziyyətdə idi və nələr dəyişdirilib?
– Ümumiyyətlə, bir neçə ildir ki, stadionda hər hansı idman tədbiri olmurdu. Burada daha çox dövlət əhəmiyyətli beynəlxalq tədbirlər təşkil edilirdi. Lakin həmin tədbirlər idman yönümlü deyildi. Cari mövsümdə Azərbaycan çempionu “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandıqdan sonra belə bir qərar qəbul olundu ki, qarşılaşmalar BOS-da keçirilsin. Bundan sonra stadionun mötəbər futbol turnirinin oyunlarına hazırlanması istiqamətində tədbirlər həyata keçirilməyə başlandı.
İndi sizin də müşahidə etdiyiniz kimi, stadionun ot örtüyü tamamilə yenilənib və bu proses çox qısa müddətdə həyata keçirilib. Lakin stadionun qarşılaşmalara hazırlanması təkcə ot örtüyünün yenilənməsi ilə məhdudlaşmır. Bu, kompleks işləri əhatə edən prosesdir. Stadionun yalnız meydanında deyil, digər ərazilərində, sahələrində də müvafiq işlər görülüb. Demək olar ki, stadion oktyabrın 13-də keçirilməsi nəzərdə tutulan “Sabah” – “Slaviya Praqa” oyununa tam hazırdır. Son tamamlama işləri isə oyun gününə qədər aparılacaq.
– Qısa müddətdə ot örtüyünün yenilənməsi üçün hansı işlər görülüb?
– Ot örtüyü tamamilə yenilənib. Məsələnin texniki tərəfi ilə bağlı ətraflı məlumat verməyim bir qədər çətindir. Çünki mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin görülən işlərin nəticəsi göz qabağındadır. Müddət nə qədər məhdud, vaxt nə qədər az olsa da, müvafiq işlər lazımi qaydada yerinə yetirilib və stadion, demək olar ki, oyuna tam hazırdır.
Посмотреть эту публикацию в Instagram
– Media tribunasında yerlərin sayında, xüsusən “Barselona” ilə oyun zamanı artım olacaqmı?
– Media tribunasında kifayət qədər yer var. BOS-un media tribunası, yəqin ki, ölkəmizdə fəaliyyət göstərən stadionlar arasında ən genişidir. Hesab edirəm ki, burada təkcə Çempionlar Liqasının deyil, hətta dünya çempionatının oyunları keçirilərkən belə media tribunası baxımından hər hansı problem yaranmaz. Texniki işlər də görülməkdədir. Bura internet, elektrik təchizatı və digər məsələlər daxildir. Media tribunası ilə bağlı hər hansı problemin yaranacağını düşünmürəm.
– Əksər vaxtlarda azarkeşlər BOS-da tribunadan oyunu uzaq məsafədən izləmələrindən şikayətlənirlər…
– BOS, adından da göründüyü kimi, Olimpiya stadionudur. Olimpiya stadionlarının əksəriyyətində qaçış zolaqları mövcud olduğuna görə tribunalar oyun meydanından bir qədər aralı yerləşir. Lakin bu, təkcə BOS-a aid məsələ deyil. Dünyadakı bütün Olimpiya stadionlarında da vizual olaraq, meydana qədərki məsafə eynidir.
– Məsələn, “Uembli” stadionunda ehtiyac olduqda meydana yaxın olan portativ tribunalar quraşdırılır…
– Bildiyimə görə, “Uembli” Olimpiya tipli stadion deyil. Stadionun geniş olması səbəbindən tribunalarla oyun meydanı arasında müəyyən məsafə var. Ümumiyyətlə, İngiltərədə əksər stadionlarda tribunalar oyun meydanına yaxındır. BOS-da isə portativ tribunaların quraşdırılması nəzərdə tutulmayıb.
Haşım MƏMMƏDOV


No Comment! Be the first one.