Bakıdakı dünya çempionatını 7 medalla bitiririk
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.
Orada şansımız çox azdır, çünki Azərbaycan – Avstriya görüşünün qalibini 1/8 finalda Yaponiya gözləyəcək. Yaponlarla kişilərdə mümkün olsa belə, qadınların mübarizəsində bacarmaq isə demək olar ki, qeyri-mümkündür.
Ona görə də artıq indidən demək olar ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında 7 medal qazanacaqlar. Son 2 medal isə bu gün rəsmiləşəcək.
Uşangi Kokauri 2018-ci ildən sonra yenə Bakıdakı dünya çempionatının finalında çıxış edəcək.
Bürünc medal görüşlərindən biri isə Azərbaycanın daha 2 təmsilçisi – Kənan Nəsibov və Camal Qamzatxanov arasında baş tutacaq.
Yəni, final görüşünün nəticəsindən asılı olaraq, dünya çempionatını ya 2 qızıl, 1 gümüş, ya da 1 qızıl, 2 gümüş medalla bitirəcəyik.
3-cü yer uğrunda görüş isə nəticədən asılı olmayaraq, Azərbaycanın aktivinə 4-cü bürünc medalı yazdıracaq.
Artıq Azərbaycanın aktivində 5 medal var və bu, rekord nailiyyətdir. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Komanda hesabında kişilərin mübarizəsində 3-cü, ümumi sıralamada isə 4-cü yerdəyik. Bu gün Kokauri qızıl medal qazansa, Gürcüstan (2-1-1) və İspaniyanı (1-2-1) geridə qoyaraq, dünya çempionatını Yaponiyadan sonra ikinci yerdə bitirəcəyik.
Bunun üçün isə sadəcə, Kokauri finaldakı rusiyalı rəqibi, ikiqat dünya və üqat Avropa çempionu, Minsk-2019 II Avropa Oyunlarının qalibi İnal Tasoyevi məğlub etməlidir.



No Comment! Be the first one.