Batrakov “Kalinka-Malinka” ənənəsinin necə yarandığını açıqladı
Türkiyə klubu “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, o, İstanbul klubunun ev oyunlarında onun qollarından sonra “Kalinka-Malinka” musiqisinin səsləndirilməsi ənənəsinin necə yarandığından danışıb.
“Musiqinin səsləndirilməsini özüm təklif etdim, amma adımın və soyadımın elan olunmasını istəmədim. Sadəcə musiqi səslənsin dedim. Növbəti oyunda qol vurdum və həmin melodiya səsləndirildi. Əlbəttə, bu, xoşdur, amma emosiyalarımı cilovlamağa çalışıram”, – deyə Batrakovun sözlərini Rusiya Futbol İttifaqının rəsmi saytı yayıb.
21 yaşlı futbolçu artan populyarlığı barədə də fikirlərini bölüşüb^ “Ümid edirəm ki, populyarlığın öhdəsindən sakit şəkildə gəlirəm. Yanımda məsləhət verə biləcək yaxınlarım və dostlarım var. Özüm də əvvəlki kimi qalmağa çalışıram. Mənim üçün əsas olan futbol meydanında baş verənlərdir. Sosial şəbəkələr isə ikinci plandadır”.
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin avqustunda “Lokomotiv”dən “Qalatasaray”a keçib. O, İstanbul klubunun heyətində keçirdiyi 13 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin qollarından 4-ü Çempionlar Liqasının oyunlarında qeydə alınıb.


No Comment! Be the first one.