Batrakov “Qalatasaray” üçün İstanbula yollandı
Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov “Qalatasaray”a keçidini rəsmiləşdirmək üçün İstanbula yollanıb.
Sportify.az xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamada 21 yaşlı futbolçunun İstanbul təmsilçisində tibbi müayinədən keçəcəyi və şəxsi müqavilənin şərtlərini müzakirə edəcəyi bildirilib.
Məlumata görə, “Qalatasaray” Batrakov üçün “Lokomotiv”ə 25 milyon avro ödəyəcək. Müqavilədə daha 4 milyon avro bonusun nəzərdə tutulduğu bildirilir. Bundan əlavə, futbolçunun gələcəkdə 25 milyon avrodan yüksək məbləğə satılması halında Moskva klubunun növbəti satışdan 10 faiz pay alacağı gözlənilir.
Batrakovun İstanbul klubu ilə 5 illik müqavilə imzalayacağı qeyd olunur. Razılaşmada futbolçunun illik 4 milyon avrodan çox maaş alacağı, müxtəlif bonusların və 55 milyon avro məbləğində sərbəstqalma maddəsinin yer alacağı gözlənilir.
Transferin tibbi müayinənin nəticələri və şəxsi müqavilə üzrə danışıqların yekunlaşmasından sonra rəsmən açıqlanması gözlənilir.



No Comment! Be the first one.