Bəxtiyar Həsənalızadə: "İmişli"nin potensialı bundan da artıqdır – MÜSAHİBƏ
“İmişli”nin futbolçusu Bəxtiyar Həsənalızadənin “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VIII tur matçından sonra Sportify.az-a müsahibəsi
– Oyunu necə dəyərləndirirsiniz: Nəticə sizin üçün gözlənilməz olmadı?
– Gözlənilməz deyildi. Bilirdik ki, ağır oyun olacaq. Qarşılaşma da elə keçdi. Rəqibin kimliyindən asılı olmayaraq, bizim üçün qələbə mütləq idi. Çünki xallarımız az idi və turnir cədvəlində geridə qalmışdıq. Ona görə bu gün bizim üçün qələbə çox vacib idi. Rəqibə baxmadan sırf qələbə üçün köklənmişdik. Bilirdik ki, “Turan Tovuz”la oynamaq asan deyil. Sevinirik ki, qələbə qazana bildik.
– Niyə məhz bu oyunda qələbəyə köklənmişdiniz: Bəlkə “Turan Tovuz”un qeyri-sabit çıxışı sizdə əlavə inam yaratmışdı?
– Xeyr, məsələ “Turan Tovuz”la bağlı deyildi. Rəqiblər fərq etmir. Başqa rəqiblə oynasaydıq da, bu qələbə bizim üçün çox vacib idi. Çünki ardıcıl dörd oyunda məğlub olmuşduq. “Qəbələ”dən başlayaraq “Neftçi”, “Sabah” və “Qarabağ”la matçlarda uduzmuşduq. Dörd məğlubiyyətlik seriya istər-istəməz turnir cədvəlində geriləməyimizə səbəb olmuşdu. Buna görə bu gün xal qazanmaq bizim üçün çox vacib idi. Düşünürəm ki, həm yaxşı oyun göstərdik, həm də xal qazandıq.
– Yeni baş məşqçi, daha dəqiqi, artıq Ervins Perkonsun rəhbərliyi altında çıxış etməyiniz bu qələbədə nə qədər rol oynadı?
– Yeni baş məşqçi cəmi bir həftədir komandaya gəlib. Komandanın daxilində olduğu üçün hamımızı tanıyır. Ancaq ciddi dəyişiklik olmamışdı, oyun sistemimiz demək olar ki, eyni idi. Gələcəkdə nəticələrin necə olacağını isə zaman göstərəcək.

– Ümumiyyətlə, baş məşqçinin müəyyən taktiki dəyişiklikləri və futbolçulara psixoloji təsiri ola bilərmi?
– Bəzi xırda dəyişikliklər olmuşdu. Ümumi götürəndə, taktiki yanaşmamız eyni idi.
– Xırda dəyişikliklər dedikdə nələri nəzərdə tutursunuz?
– Əvvəlki oyunlarda faktiki olaraq beşli müdafiə ilə oynayırdıq. “Neftçi”, “Sabah” və “Qarabağ”la matçlar ağır qarşılaşmalar idi. “Turan Tovuz”la oyunda isə müdafiədə taktiki düzülüşümüz dördlü olsa da, bəzi hallarda beşliyə keçirdik. Bir hücumçu irəli gedəndə beşli müdafiəyə keçirdik, hücum zamanı isə dördlü düzülüşdə oynayırdıq. Əsas fərq bu idi.
– “İmişli” ötən mövsüm çempion “Sabah”ı məğlub etməyi bacaran yeganə komanda idi. Bu mövsüm isə “Sabah”a qol vuran yeganə kollektivsiniz. Sizcə, çempionatın kəşfisiniz, yoxsa sürpriz komanda adına həqiqətən layiqsiniz?
– Öz adımdan deyirəm, burada oynadığıma görə yox: Bir çox komandada çıxış etmişəm və görürəm ki, “İmişli”də futbolçuların keyfiyyəti yaxşıdır. Mənə elə gəlir ki, potensialımız bundan da artıqdır, daha yaxşı nəticələr göstərə bilərik. Sadəcə, bizim üçün çətin bir qrafik yaranmışdı və ardıcıl məğlubiyyətlər istər-istəməz komandaya psixoloji təsir etmişdi. Düşünürəm ki, bugünkü qələbədən sonra toparlanacağıq. Daha yuxarı pillələrdə yer ala bilərik.
– Təcrübəli futbolçu kimi baş məşqçi ilə yola davam etməyə necə baxırsınız?
– Bu barədə rəhbərlik qərar verəcək. Bizim işimiz deyil. Nəticələrə əsasən, yəqin ki, qərar qəbul olunacaq.



No Comment! Be the first one.