Cimmi Rimmer 78 yaşında dünyasını dəyişdi
İngiltərənin “Mançester Yunayted” və “Aston Villa” klublarının sabiq qapıçısı Cimmi Rimmer vəfat edib.
Sportify.az xəbər verir ki, veteran futbolçu 78 yaşında dünyasını dəyişib.
“Mançester Yunayted”in yetirməsi olan Rimmer 1968-ci ildə Avropa Çempionlar Kubokunu qazanan komandanın heyətində yer alıb.
1977-ci ildə “Aston Villa”ya keçən qapıçı Birmingem təmsilçisinin formasını 6 mövsüm geyinib. O, İngiltərə çempionatında “Aston Villa”nın heyətində 229 oyuna çıxıb.
Rimmer 1981/1982-ci illər mövsümündə ikinci dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Veteran qapıçı həmin turnirdə komandasının keçirdiyi bütün matçlarda meydana çıxıb.
“Bavariya”ya qarşı final görüşündə də start heyətində yer alan Rimmer qarşılaşmanın ilk dəqiqələrində zədələnərək əvəzlənib. “Aston Villa” həmin oyunda Almaniya klubunu 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa Çempionlar Kubokunu qazanıb.
Qeyd edək ki, Cimmi Rimmer karyerası ərzində “Arsenal” və “Suonsi”nin də formasını geyinib. O, İngiltərə millisində isə 1 oyun keçirib.


No Comment! Be the first one.