“Qrupun qalibi ilə iki dəfə qarşılaşdıq. Üç hissədə heç-heçə oynadıq, yalnız bir hissədə zəif müdafiə etdiyimiz standart vəziyyətdən qol buraxaraq 0:1 hesabı ilə uduzduq”.
Hərə öz pəncərəsindən baxır, Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük də belə təsəlli tapır…
Bəs reallıq nə deyir?
Əslində, Fünfştükün açıqlamasında Azərbaycan millisi üçün kifayət qədər düşündürücü, hətta narahatedici məqamlar var. Təsəvvür edin, Lixtenşteyn kimi futbol potensialı məhdud, heyətində əsasən aşağı liqalarda çıxış edən oyunçuların yer aldığı komanda ilə qarşılaşmada Azərbaycan millisi son dəqiqələrdə vaxt uzatmağa, hesabı qorumaq üçün taktiki əvəzləmələr etməyə məcbur qalır. Rəqib baş məşqçi isə bunu komandasının uğuru kimi təqdim edir.

Bəli, ilk oyunda 0:0, ikinci qarşılaşmanın ikinci hissəsində də 0:0. Fünfştük bunu üç hissəlik uğur kimi qiymətləndirir. Bəs biz niyə Azərbaycan millisinin üç hissədə Lixtenşteynə qol vura bilməməsi barədə danışmırıq?
Niyə qrupun ən zəif komandalarından biri ilə görüşlərdə belə rəqibin müqavimətini qırmaqda çətinlik çəkirik?
Daha maraqlısı, Lixtenşteynin baş məşqçisi komandasının taktiki baxımdan əla hazırlaşdığını, topa sahib olaraq oyun qurmağa çalışdığını bildirir. Yəni rəqib yalnız müdafiə olunmayıb, öz futbolunu oynamağa da cəhd edib. Azərbaycan millisi isə belə rəqib qarşısında üstünlüyünü oyunun bütün gedişində hiss etdirə bilməyib.
Bir məqamı da unutmayaq. Bu, Ayxan Abbasovun baş məşqçi olduğu Azərbaycan millisinin il ərzində qazandığı ikinci nəticədir. Əvvəlcə “FIFA Series” turnirində AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə birlikdə “cubbulu” kuboku başları üzərinə qaldırdılar, indi isə “cırtdanlar”ı səfərdə məğlub edərək D Liqasında qrup liderliyini təmin etdilər.
Yəni, əvvəlki reqlament qüvvədə qalsaydı, D Liqası gələn mövsümdən ləğv olunmasaydı, Azərbaycan millisi bu nəticə ilə C Liqasına yüksəlməsini də bayram edəcəkdi. Futbolumuzun çoxdan gözlədiyi geridönüşdən danışmaq üçün daha bir səbəbimiz olacaqdı.

Amma gəlin, “cubbulu” kubokun parıltısına və qrup birinciliyinə aldanmayaq. “FIFA Series”də qazanılan kubokun da, “cırtdan” Lixtenşteyn üzərindəki minimal hesablı qələbənin də futbolumuzun real səviyyəsini nə dərəcədə əks etdirdiyi ciddi müzakirə mövzusudur.
Fünfştük məğlubiyyətdən sonra futbolçuları ilə fəxr edir. Bəs Ayxan Abbasov? O da qələbədən sonra fəxr edə bilər. Amma bu qələbənin arxasında dayanan oyun, rəqibin yaratdığı çətinliklər və millimizin son dəqiqələrdə hesabı qorumaq məcburiyyətində qalması suallar doğurur.
Birinin komandası uduzduğu oyundan sonra başını dik tutur, digərinin komandası qalib gəldiyi matçdan sonra ciddi tənqidlərə hədəf olur.
Deməli, futbolda hər şey hesab tablosundakı rəqəmlərdən ibarət deyil. Fəxr etmək üçün təkcə qalib gəlmək yox, necə qalib gəlmək də vacibdir.



No Comment! Be the first one.