Əli Xəlilov: Dəvət olsa, dünya çempionatında oynayaram – MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Əli Xəlilov Omanın U-23 yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra Sportify.az-a müsahibə verib.
Ukrayna “Aleksandriya”sından dəvət almış hücumameylli yarımmüdafiəçi milli komandadakı ilk təəssüratları, baş məşqçi Rəşad Eyyubovun ona zəngi və gələn il Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatında oynamaq ehtimalı barədə sualları cavablandırıb.
– Azərbaycan yığmasındakı ilk oyununuzu necə dəyərləndirərdiniz?
– Çətin oyun alındı. Amma xarakter göstərdik və qalib gəldik.
– Yeni kollektivlə tanışlığınız necə keçdi: Komanda sizdə hansı təəssüratı yaratdı?
– Kollektiv yaxşıdır. Hamı mehribandır, ünsiyyətcildir. Toplanış zamanı da bir-birlərinə kömək edirlər.
– Omanla yenə oynayacaqsınız. Noyabrın 17-də keçirəcəyiniz oyunla bağlı düşüncələriniz necədir?
– Baxacağıq. Oman yığması topla nisbətə yaxşı oynayır. Bizi qaçmağa məcbur etdilər. Çətin idi.
– İlk qolda qapıçı ilə müdafiəçi arasında anlaşılmazlıq yaşandı. Bunu komandaya hələ tam uyğunlaşmamağınızla əlaqələndirmək olar?
– Bəli, demək olar. Hələ hamımız bir-birimizi yaxşı tanımırıq. Buna görə də müəyyən çətinliklər yaşanır. Amma belə davam etsək, zamanla hər şey yaxşı olacaq.
– Bəs milliyə necə dəvət aldınız?
– Mənimlə əlaqə saxladılar, dəvət etdilər.
– Millinin Ukraynaya bağlılığı olan baş məşqçisi Rəşad Eyyubovun çağırılmağınızda rolu olubmu?
– Yəqin ki, bəli. Təlim-məşq toplanışından təxminən bir ay əvvəl o, mənimlə əlaqə saxladı. Dedi ki, toplanışa gəlməliyəm. Mən də dəvəti qəbul etdim.
– Hazırda Ukraynada vəziyyət fərqlidir. Azərbaycanda isə sabitlikdir. Bu baxımdan Azərbaycan klublarında oynamaq istərdiniz?
– Bilmirəm. Düşünmək lazımdır. İndidən konkret nə isə deyə bilmərəm.
– Bəs hazırda çıxış etdiyiniz “Aleksandriya”da perspektivləriniz necədir?
– Müəyyən perspektivlər var. İkinci komandada oynamışam və səviyyəcə ikinci liqada çıxış etmişəm. Bir neçə dəfə əsas komanda ilə məşqlərə cəlb olunmuşam. Lakin müəyyən səbəblərdən oyuna çıxa bilməmişəm.
– Gələn il Azərbaycan və Özbəkistanda U-20 dünya çempionatı keçiriləcək. Yaşınız həmin turnirdə iştirak etməyə imkan verirmi?
– Mən 2007-ci il təvəllüdlüyəm. Yaşım oynamağa imkan verir. Dəvət olsa, məmnuniyyətlə iştirak edərdim. Bu, mənim üçün çox xoş olardı.


No Comment! Be the first one.