Emil Balayev: 3 oyunda 6 xal itirdik
“Açığı, matç düşündüyümüz ssenaridə getmədi. İlk hissədə 30-cu dəqiqələrində qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Amma sağ olsun uşaqlar, özümüzdə güc taparaq qol vurduq”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin qapıçısı Emil Balayev evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının IX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli qolkiperin sözlərinə görə, komandası ikinci hissədə qol buraxsa da, sonadək döyüşüb: “Bütün komandamıza, hər bir futbolçumuza təşəkkür edirəm ki, ən azından sona qədər döyüşçü ruhu ilə mübarizə aparmağa çalışdılar”.

Balayev son 3 turda əsas rəqiblərdən sayılan “Sabah”, “Qarabağ” və “Turan Tovuz”a qalib gələ bilməmələrini də şərh edib: “Ötən oyunlarda xallar qazanmadıq, xallar itirdik. Hamıya aydındır ki, “Neftçi” həmişə maksimum nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı: 3 oyuna 3 xal. Hardasa deyə bilərik ki, 3 oyunda 6 xal itirdik. Amma öz oyun üslubumuzda hansısa analizlər aparacağıq. Baş məşqçimizlə də bu yöndə söhbətlər olub. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.
“Fərdi götürsək, bu oyundakı qolda sənin səhvin var idi, ötən tur isə digər qapıçı Rza Cəfərov səhvə yol verdi. Bunların sonda xal itkilərinə gətirib çıxardığını düşünmürsünüz?” sualını isə o, axıradək dinləməyib. O, “Bağışlayın, səhv söhbətlərinə qapıçı məşqçiləri qərar verir” deyərək, brifinqi yarımçıq tərk edib.



No Comment! Be the first one.