"Neftçi"nin legioneri Emil Balayevin müdafiəsinə qalxdı
“Çətin oyunun olacağını bilirdik. Bu rəqibə qarşı matçlar həmişə belə çətin olur. Düzdür, Tovuz komandasına qarşı ilk oyunum idi. Çətinliyin nə dərəcədə olduğunu gördüm. Hətta belə komandaya qarşı 10 nəfərlə mübarizə apardıq”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Qustavo Klisman evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının IX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi ardıcıl iki oyunda xal itkilərinə qapıçı səhvlərini səbəb göstərmək istəməyib: “Hər birimiz meydanda əlimizdən gələni artıqlaması ilə verməyə, daha çox qaçmağa, daha çox mübarizə aparmağa çalışırdıq. Amma sonda qələbə qazana bilmədik. Deməzdim ki, bu, bir nəfərin günahıdır. Hər şey hücumdan başlayır, ən sonda qapıçıya gəlib çıxır. Bu, bütün komandanın günahıdır. Həftə boyunca üzərimizdə işləməliyik ki, səhvlərimizi aradan qaldıraq və növbəti oyunda təkrarlamayaq”.
27 yaşlı oyunçu azarkeşlərə də çağırış edib: “Deməzdim ki, tribunalardakı azarkeş sayı məni təəccübləndirdi. Bu gün çox olmasalar da, kifayət qədər azarkeş var idi. Sona qədər bizi dəstəklədilər. Bugünkü dəstəkləri bizə meydanda çox kömək oldu. Sadəcə, onlardan xahiş etmək istəyirəm ki, hər oyun gəlib bizi belə dəstəkləsinlər”.


No Comment! Be the first one.