Fabio Kannavaro: Özbəkistan millisində “köstəbək” var
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komandada məşqçilər korpusunun fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatları yayan şəxsin olduğunu bildirib.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında yığma ətrafında çoxlu sayda yanlış məlumatın yayıldığını deyib.
Kannavaro bunun səbəbini komandanın daxilindən informasiyaların sızması ilə əlaqələndirib: “Kiminsə həddindən artıq çox yalan məlumat yaydığını düşünürəm. Bəlkə də səbəb mənim əcnəbi olmağımdır. Riayət etdiyimiz qaydaları mən uydurmamışam, bunlar Avropa standartlarıdır. Niyə bu qədər yanlış məlumat yayıldığını hələ də anlamıram”.
Baş məşqçi özündən əvvəl Özbəkistan millisində çalışmış Timur Kapadzeni də yüksək qiymətləndirib və ünvanına yönələn davamlı tənqidləri əsassız hesab etdiyini söyləyib: “Əvvəlki baş məşqçi yaxşı nəticələr əldə etmiş möhtəşəm yerli mütəxəssisdir. Amma bu, mənim daim tənqid olunmağım üçün səbəb ola bilməz. Bu məsələyə aydınlıq gətirməli idim”.
Kannavaro komandada məlumat sızdıran şəxsin olduğunu düşündüyünü açıq şəkildə bildirib: “Düşünürəm ki, yalan məlumatların bu qədər çox yayılmasının səbəbi milli komandanın daxilində öz “köstəbəy”imizin olmasıdır”.
İtaliyalı mütəxəssis onun illik maaşının 4 milyon avro olması barədə xəbərləri də təkzib edib: “Bu məlumat tez-tez yayılır, amma yalandır”.
Kannavaro Özbəkistan futbolçularının meydançadakı ünsiyyət probleminə də diqqət çəkib: “Onlar bir-biri ilə demək olar ki, danışmırlar. İlk dəfə bunu görəndə təəccübləndim. Oyun zamanı futbolçular arasında ümumiyyətlə ünsiyyət olmurdu. Bu istiqamətdə də vəziyyəti yaxşılaşdırmağa çalışdıq”.
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə qatıldığı 2026-cı il dünya çempionatında K qrupunda çıxış edib. Fabio Kannavaronun baş məşqçi olduğu kollektiv Kolumbiya və Konqo Demokratik Respublikası yığmalarına 1:3, Portuqaliyaya 0:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.


No Comment! Be the first one.