Filipe Kandido: İnanıram ki, gələcəkdə daha yaxşı olacağıq
Misli Premyer Liqasının V turunda “Sumqayıt” doğma meydanda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido oyunu dəyərləndirib.
Portuqaliyalı mütəxəssis qarşılaşmanın balanslı keçəcəyini gözlədiklərini bildirib: “Düşünürəm ki, balanslı oyun olacağını gözləyirdik. Həm ilk, həm də ikinci hissədə qələbə qazanmaq üçün kifayət qədər imkanlar yaratdıq. Təəssüf ki, bu epizodlardan yararlana bilmədik. Buna görə də düşünürəm ki, komandamız bu nəticəyə layiq deyildi. Lakin futbol belədir və biz işimizi davam etdirməliyik”.
Baş məşqçi hesabda üstünlük əldə etmək üçün bir neçə imkanlarının olduğunu deyib: “Oyun ərzində nəticədə daha çox üstünlük əldə etmək üçün imkanlarımız oldu. Rəqib də keyfiyyətli komandadır və son oyunlarda bunu sübut edib. Onların qol vurmaq potensialı var və təhlükəli rəqibdir. Buna görə də bütün oyun ərzində hücum edərkən komandanın balansını da qorumalıyıq. Daha çoxunu istəyirdik. Hazırda isə fərqli nəticə qazanmaq üçün gördüyümüz iş hələ kifayət etmir. Bununla belə, əvvəlki kimi çalışmağa davam edəcəyik. İnanıram ki, gələcəkdə daha yaxşı olacağıq”.
Filipe Kandido “Sumqayıt”ın bütün rəqiblərə qarşı qələbə qazana biləcəyinə inandığını vurğulayıb: “Mən bütün oyunlarda, bütün rəqiblərə qarşı qalib gələ biləcəyimizə inanıram. Növbəti matçda da qələbə qazanmaq istəyirik. Futbolçular bunun üçün mövsümün əvvəlindən çox ciddi çalışırlar”.
Mütəxəssis bəzi futbolçuların komandaya yeni qoşulduğunu diqqətə çatdırıb: “Bəzi oyunçularımız cəmi üç həftədir bizimlə məşq edir. Hətta bir futbolçumuz dünən komandaya qoşulub və bu gün meydana çıxmalı oldu. Belə hallar bizim kimi komandalar üçün normaldır. Qarşıda vaxtımız var. Daha çox çalışaraq inkişaf etməyə və qələbə qazanmağa cəhd göstərəcəyik”.
Baş məşqçi ikinci hissədə meydana daxil olan Mamadi Banqrenin çıxışını da dəyərləndirib: “Düşünürəm ki, Banqre bizim üçün yaxşı futbolçudur. Məhz buna görə onunla müqavilə imzaladıq. Gözləyirik ki, komandamıza kömək edə bilsin. İstər start heyətində, istərsə də məşqçinin qərarından asılı olaraq sonradan meydana daxil olmaqla komandaya fayda verə bilər”.
O, komanda oyununun onun üçün daha vacib olduğunu qeyd edib: “Baş məşqçi kimi mənim üçün ən vacib məsələ komandanın birlikdə çalışması və oyunun müxtəlif məqamlarında birgə hərəkət etməsidir. Düşünürəm ki, hamımız, o cümlədən mən, komandanın inkişaf etdiyini görürük. Bu, bizim ilk xalımızdır. Əlbəttə, yalnız bir xala görə xoşbəxt deyiləm. Evdə oynayırdıq və üç xal qazanmaq istəyirdik. İndi isə növbəti oyunda bu üç xalı qazanmağın yolunu tapmağa çalışacağıq”.
Baş məşqçi çempionatda yaranacaq fasilənin “Sumqayıt” üçün faydalı ola biləcəyini bildirib: “Bizim üçün bu fasilə çox vacib olacaq. Komanda qurmağa başladığınız zaman bəzən vaxta ehtiyacınız olur. Mən artıq iki aydır buradayam. Komandanı inkişaf etdirmək üçün zamana ehtiyacımız var. Təbii ki, vaxt qazanmaq üçün oyunlarda qalib gəlməli, xal toplamalıyıq. Komandanın inkişaf etdiyini görürük və bu fasilədən heyətimizin daha da təkmilləşdirilməsi üçün istifadə etmək istəyirik”.
Mütəxəssis fasilənin həm müsbət, həm də müəyyən çətinliklər yarada biləcəyini söyləyib: “Yəqin ki, bir neçə futbolçumuz milli komandaya dəvət alacaq. Bu səbəbdən onların yoxluğunda tam heyətlə məşq etmək çətin olacaq. Bəzən məşqçi belə fasiləni istəyir ki, komanda ilə daha çox işləyə bilsin. Lakin futbolçular milli komandaya gedəndə bu, o qədər də asan olmur”.
Portuqaliyalı çalışdırıcı komandasına və futbolçularına inandığını vurğulayıb: “Mən məşqçi kimi gördüyümüz işə çox inanıram. Futbolçuların hər gün gördüyü işdən qürur duyuram. Onların milli komandaya dəvət almasından da məmnunam. Eyni zamanda, komandamın gündən-günə inkişaf etdiyini görmək məni sevindirir”.


No Comment! Be the first one.