"Hapoel Beer Şeva"nın Bakıda start heyəti və azarkeş sayı bəlli oldu
İsrailin “Hapoel Beer-Şeva” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəyi cavab oyunu üçün təxmini start heyəti müəyyənləşib.
Sportify.az İsrail mətbuatına istinadən xəbər verir ki, rəqiblər Bakıda keçiriləcək qarşılaşmaya ilk oyundakı heyətlə çıxmağa hazırlaşır.
Pedro Amador sol cinah müdafiəçisi mövqeyində, İtay Rotman isə Migel Vitorla birlikdə mərkəz müdafiəçiləri kimi çıxış edəcəklər. Jevon İst və Zahi Əhməd cinahlardan İqor Zlatanoviçə dəstək verəcəklər.
“Hapoel Beer Şeva”: 1. Ofir Marsiano, 5. Pedro Amador, 12. İtay Rotman, 4. Migel Vitor (k.), 2. Qay Mizrahi, 7. Eliel Perets, 25. Lukas Ventura, 28. Niv Yehoşuha, 9. Zahi Ahmad, 20. Ceyvon İst, 66. İqor Zlatanoviç
Məqalədə qeyd olunur ki, “Hapoel Beer-Şeva”nın Bakıya təxminən 600 azarkeşi gələcək. İsrail klubunun tərəfdarları qarşılaşmanı izləmək üçün cəmi 11 şekelə (6,25 manat) bilet əldə ediblər.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Arenanın tutumu təxminən 31 min nəfərdir və oyunu ümumilikdə 23 minə yaxın azarkeşin izləyəcəyi gözlənilir.
Ran Kozuxun rəhbərlik etdiyi komanda Buxarestdə keçirilən ilk görüşdə “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. İsrail təmsilçisi cavab matçında da üstünlüyünü qoruyaraq tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək istəyir.
“Sabah” – “Hapoel Beer-Şeva” oyunu avqustun 25-də saat 20:45-də başlayacaq. İlk görüşdə İsrail klubu 2:1 hesabı ilə qalib gəlib.



No Comment! Be the first one.