Sığorta agenti idi, indi "Sabah"a qarşı tarixi oyuna çıxır
Bu gün Bakıda “Sabah”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu İsrailin “Hapoel Beer Şeva” klubunun baş məşqçisi Ran Kozux üçün karyerasının ən vacib qarşılaşmasına çevrilə bilər.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis komandasını UEFA Çempionlar Liqasının liqa mərhələsinə çıxaracağı təqdirdə, İsrail futbolunda qazandığı uğurların sırasına daha bir mühüm nailiyyət əlavə edəcək.
Kozuxun məşqçilik karyerası yüksək səviyyədən başlamayıb. O, futbolçu kimi böyük uğurlar qazana bilməyib və karyerası ərzində əsasən İsrailin aşağı liqalarında çıxış edib. Futbolçu karyerasının sonlarına yaxın sığorta agenti kimi çalışmağa başlayıb. Bununla belə, futboldan uzaqlaşmayıb və məşqçi köməkçisi kimi fəaliyyətini davam etdirib.
2022-ci ilin noyabrında Kozux ilk dəfə baş məşqçi təyin olunub. Bu, onun uşaqlıq illərində çıxış etdiyi “Makkabi Netanya” klubu olub.
Bundan sonra onun karyerası sürətlə yüksəlib. Dörd ildən də az müddətdə Kozux İsrail futbolunda əsas titulların demək olar ki, hamısını qazanıb. O, “Makkabi Netanya” ilə Toto Kubokunu, “Makkabi Petah-Tikva” və “Hapoel Beer-Şeva” ilə İsrail Kubokunu əldə edib.
Kozux 2024-cü ildən rəhbərlik etdiyi “Hapoel Beer-Şeva”nı 2025/2026 mövsümündə ölkə çempionluğuna daşıyaraq karyerasının ən böyük uğuruna imza atıb. Bu nailiyyətindən sonra təcrübəli baş məşqçi ilə müqavilə 2028-ci ilədək uzadılıb.
İndi isə 45 yaşlı mütəxəssis daha böyük tarix yazmaq şansına malikdir. “Hapoel Beer-Şeva” Bakıda “Sabah”ı mübarizədən kənarlaşdıracağı halda, klub tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel Beer Şeva” matçı saat 20:45-də başlanacaq. İlk matçda İsrail təmsilçisi qələbə qazanıb – 2:1.



No Comment! Be the first one.