Hövsanda iki böyük futbol meydançası salınacaq
U-15 dünya çempionatı və futbol festivalı üçün 10 meydançanın salındığı Hövsan Yaşayı Kompleksində təbii örtüklü iki böyük futbol meydançası da ərsəyə gətiriləcək.
Bu barədə Sportify.az-a AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov məlumat verib.
Onun sözlərinə görə, təbii örtüklü meydançalar dünya çempionatı yekunlaşdıqdan sonra inşa ediləcək.
Mircavadov bildirib ki, ərazidə həmçinin milli komandalar üçün təlim-məşq bazası tikiləcək: “Hazırda 10 meydançanın hamısı süni örtüklüdür. Özüm görməsəm də, ora baş çəkənlər bildirirlər ki, örtük keyfiyyətlidir. Festival bitdikdən sonra meydançalar milli komandaların ixtiyarına veriləcək. Fikir var ki, orada təlim-məşq bazası tiksinlər və məşq meydançalarının sayını artırsınlar. Meydançaların ikisi təbii örtüklü olacaq”.
Komitə üzvünün fikrincə, futbolda təbii ot vacib amildir və belə meydançaların sayı çox olmalıdır. Çünki süni və təbii örtüklər arasında həddindən artıq fərq var: “Hazırda oradakı meydançalar standart ölçülərdə deyil və sırf qarşıdakı yarışla əlaqədar tikilib. Amma yeni təbii meydançalar standart ölçüdə olacaq. Hazırda Mərdəkandakı təlim-məşq bazasında 2 təbii, 1 süni meydança və otel var. Amma bunlar müxtəlif yaş qruplarından olan yığma komandalarımız üçün yetərli deyil. Hövsanda da belə bir bazanın tikintisinə ehtiyac var. Mövcud imkanlar kifayət etmir. Bu, U-17, U-19, U-20 və U-21 komandaları üçün də, hətta əsas milli komanda üçün də vacib məsələdir”.
Təcrübəli mütəxəssis hesab edir ki, milli komandalar toplanış zamanı öz bazalarında məşq etməlidirlər: “Baza daxilində meydançanın olması, futbolçuların orada qalması, məşq etməsi və əlavə fərdi çalışmalar aparması böyük üstünlükdür. Futbolçuların fərdi məşqlərə vaxt ayırması, xüsusilə də gənc oyunçular üçün çox vacibdir. İndi informasiya imkanları genişdir. Televiziya, planşetlər və digər vasitələr sayəsində futbolçular oyunları izləyə, müxtəlif məşq üsullarını öyrənə və öz üzərlərində işləyə bilərlər. Futbolun inkişafı üçün informasiya imkanları həddindən artıq genişlənib. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək və gənc futbolçuların inkişafı üçün lazımi şərait yaratmaqdır”.



No Comment! Be the first one.