İkiqat dünya çempionumuz qəzaya düşdü, federasiya dəstək oldu - VİDEO
Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisinin üzvü Nihad Məmişov yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Bu barədə Sportify.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda idmançının müalicəsi yüksək ixtisaslı həkimlərin nəzarəti altında davam etdirilir və zəruri tibbi tədbirlər həyata keçirilir. Nihad Məmişovun müalicə prosesi ACF-nin nəzarətindədir və idmançıya hərtərəfli dəstək göstərilir.
Federasiyadan bildirilib: “Nihadın tezliklə sağlamlığına qovuşmasını arzulayırıq”.

Nihad Məmişovun atası Fərhad Məmişov isə Sportify.az-a açıqlamasında oğlunun üzləşdiyi qəzanın təfərrüatlarını açıqlayıb: “Oktyabrın 14-də məşqdən çıxıb Saray qəsəbəsindəki evimizə gələrkən Gənclər şəhərciyi yaxınlığında qəzaya düşüb. Onun idarə etdiyi avtomobil yoltəmizləyən maşına dəyib. Nəticədə Nihad təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun sol budunda sınıq olduğu müəyyənləşib, eyni zamanda dizlərinin dərisi də soyulub”.
O, hadisə baş verən andan ACF-nin ailələrinə böyük dəstək göstərdiyini vurğulayıb: “Məlumat aldıqları andan “Liv Bona Dea”nın təcili yardım maşını oğlumu Kliniki Tibbi Mərkəzdən qəbul edərək, əməliyyat etdilər. Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və vitse-prezident Elnur Məmmədli gələrək oğluma baş çəkdilər, bütün zəruri dəstəyi göstərdilər. ACF daha əvvəl də oğluma dəstək olmuşdu. Fürsətdən istifadə edərək, onlara dərin minnətdarlığımı bildirirəm”.

Fərhad Məmişov 2026-cı ilin oğlu üçün elə də uğurlu keçmədiyini bildirib: “Nihad builki Avropa çempionatından əvvəl çiynindən zədə aldı. Ona görə də yarışlardan kənarda qaldı. İndi isə belə bir qəza ilə üzləşdi. Şükür Allaha, salamatçılıqdır, tezliklə evə buraxılacaq və yenidən yarışlarda iştirak edəcək”.
Nihad Məmişovun üzləşdiyi qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Nazirliyin məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. “112” qaynar telefon xəttinə qəza nəticəsində bir nəfərin avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Changan” markalı minik avtomobili ilə “ZİL markalı yük avtomobilinin iştirakı ilə qəzanın baş verdiyi və sürücünün deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmişov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qeyd edək ki, Nihad Məmişov 66 kq çəki dərəcəsində yeniyetmələr arasında ikiqat dünya çempionu, gənclər arasında Avropa çempionu, yeniyetmə və gənclər arasında Avropa Kuboklarının beşqat qalibidir. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında 50 kq çəki dərəcəsində bürünc medal qazanıb.



No Comment! Be the first one.