İskəndər Cavadov: Ulu Öndərin o sözləri bizi tarixə düşməyə ruhlandırırdı
“Çox sevinirəm ki, cənab Prezident mənimlə bağlı belə bir Sərəncam imzaladı. Bu, mənim üçün böyük şərəfdir”.
Bunu Sportify.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu İskəndər Cavadov dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması barədə Sərəncam barədə danışarkən deyib.
Cavadov bildirib ki, Azərbaycan idmanına, o cümlədən futbola diqqət və qayğısı hər zaman yüksək səviyyədə olub: “Ötən ilin sonlarında Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev mənzillə təmin edildi, Asim Xudiyev isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü. Bunlar dövlətimizin futbol veteranlarına göstərdiyi diqqətin nümunələridir. Mən isə 50 yaşımda “Şöhrət” ordeni ilə təltif olunmuşam, 60 yaşımda Prezidentin fərdi təqaüdünə layiq görülmüşəm, mənzillə təmin olunmuşam. Həmişə dövlətin diqqət və qayğısını hiss etmişəm. Bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Allah canını sağ eləsin, daim başımızın üstündə olsun”.
Bu gün 70 yaşı tamamlanan əfanəvi futbolçunun sözlərinə görə, futbolçu kimi fəaliyyətinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf etməsi onun üçün xüsusi əhəmiyyət daşıyır: “Futbolçu kimi fəaliyyətim Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edib. Buna görə çox şadam. Bir dəfə iclasda Ulu Öndər bizə çox gözəl söz dedi: “Əziz futbolçular, istərdim ki, siz Azərbaycan futbolunun tarixinə düşəsiniz. Bu, gələcəkdə sizə lazım olacaq”. Bu sözlər hər zaman ürəyimdə olub. Həmin sözlərlə oyunlara çıxır, Azərbaycan futbolunun tarixinə düşməyə çalışırdıq. Ulu Öndər həmin görüşdə Anatoli Banişevskinin və Kazbek Tuayevin adlarını çəkdi, onlar kimi futbolçu olmağa çalışmağımızı istədi. Mən də həmişə bu yolda getməyə və əlimdən gələni edərək Azərbaycan futbolunun tarixinə düşməyə çalışmışam. Ulu Öndərin sözləri bu gün də ürəyimdədir və sanki mənə bir həyat yolu göstərib”.
Qeyd edək ki, Prezident İlham Əliyev İskəndər Cavadovu Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.



No Comment! Be the first one.