Kannavaro: İtaliya millisində işləmək mənim arzumdur
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Rusiya yığması ilə yoldaşlıq görüşü öncəsi keçirilən mətbuat konfransında İtaliya millisində çalışmaq ehtimalı ilə bağlı sualı cavablandırıb.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qapıçılarla bağlı problemlərdən danışıb.
“Bir çoxları qapıçılarla bağlı problemimiz olduğunu deyir. Koreya ilə oyunda iki qol buraxdıq. Futbolçulara izah etməyə çalışdım ki, rəqib hücumçular üçün boş zonalar buraxmaq olmaz. Dünən müdafiəçilərlə də bu barədə danışdım.
Buraxılan qolların günahı həmişə qapıçılarda olmur. Yüz qapıçı dəyişsək belə, bu, nəticə verməyə bilər. Hazırda dörd qapıçımız var, liqada isə daha çox seçim mövcuddur. Heç bir problemimiz yoxdur”, – deyə Kannavaro bildirib.
İtaliya millisində işləmək ehtimalı barədə suala cavabında isə mütəxəssis bunun arzusu olduğunu gizlətməyib:
“Bu, mənim arzumdur. Futbolda çalışan peşəkar insanam və arzu qurmaq normaldır. İtaliya mənim millimdir. Orada 20 ildən çox futbol oynamışam. Hər səhər yuxudan oyananda diqqətimi Özbəkistan millisi ilə bağlı işlərimə yönəldirəm.
Niyə futboldan, statistikadan və digər məsələlərdən soruşmursunuz? Niyə mütləq nəsə axtarmaq istəyirsiniz? Sabah komandamızda çoxlu istedadlı gənc futbolçular olacaq. Mən İtaliya haqqında ilk gündən danışıram və bunda heç bir problem görmürəm.
Müqaviləm oktyabr ayına qədərdir. Dekabrda yeni turnir başlayacaq. Federasiya ilə danışacağıq. Mən burada xoşbəxtəm. Gəlin, pozitiv qalaq. Hava bir qədər soyuqdur, amma biz gəncləri inkişaf etdiririk, yaxşı infrastrukturumuz var. Daha nə lazımdır? Millidə münaqişələrə gəlincə, hamı ilə münasibətlərim əladır”.
Qeyd edək ki, Özbəkistan və Rusiya milliləri arasında yoldaşlıq görüşü noyabrın 12-də Daşkənddəki “Paxtakor” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.


No Comment! Be the first one.