Kaxaber Tsxadadze jurnalistin sualına əsəbiləşdi: Bu, çox pis məğlubiyyətdir
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, gürcüstanlı mütəxəssis öncə oyunu dəyərləndirib:
– Əlbəttə, öz azarkeşlərimiz qarşısında çox pis nəticədir. Hamı, ilk növbədə, biz günahkarıq. Rəqib yarım epizoddan istifadə etdi, özümüz yaratdıqlarımızdan isə yararlana bilmədik. Oyun keyfiyyətində isə əlbəttə, hamıya suallar var. Keyfiyyət o səviyyədə deyil, ortada çoxlu top itiririk. Meydançanın mərkəzində ötürmə ilə kifayət qədər ləng oynayırıq. İlk 15-20 dəqiqə ərzində çoxlu top itirdik. Buna görə də əleyhimizə çoxlu əks-hücum oldu. Bu, ən böyük problemdir. Çünki bir çox futbolçumuz ondan nə tələb olunduğunu hələ başa düşməyib, bəziləri isə çempionatın çox yüksək səviyyədə olduğunu və daha çox konsentrasiyanın gərəkliyini anlamaq üçün özlərinə gəlməyiblər. Əlbəttə, çox pis məğlubiyyətdir, amma qələbə üçün kifayət qədər imkan yaratmışdıq. Amma meydanın mərkəzində xeyli oyunçumuz olsa da, təəssüf ki, qol buraxdıq. Bizə daha çox işləmək və oyun keyfiyyətini daha da yaxşılaşdırmaq lazımdır. Epizodlar yaradırıq, amma bunlar cinahlardan ötürmələrlə olur. Ötənilki kombinasiyalı oyunumuz isə təəssüf ki, yoxdur. Buna çalışmaq lazımdır ki, belə də oynamağı öyrənək.
– İki hücumçu ilə oyunun effektini bu gün görə bilmədik. Gələcəkdə faydalı olacağına inanırsınız?
– Razıyam. Ümid edirdik ki, effektli olacaqlar. Həm ilk turda, həm də bu gün görünürdü ki, gərginlik var. Onların birlikdə 4 şansı oldu. Oyun elə qurulmuşdu ki, iki mərkəz hücumçusu cinah ötürmələrini tamamlasınlar. Cinahlardan ötürmələr var idi, amma tamamlanma pis olurdu. Əlbəttə, bunun üzərində düşünmək lazım gələcək.
– “Turan Tovuz”a məğlubiyyətdən sonra komandanızın yaxşı potensialının olduğunu demişdiniz. Bugünkü görüşdən sonra ehtiyatlanmağa başlamamısınız?
– Təbii ki, potensial var. Məşqlərdə göstərdiyimiz oyunlarda da əksini tapacaq. Bu heyətlə cəmi bir oyun keçirmişik, o da “Turan Tovuz”a qarşı olub. İndi isə bunun üzərində işləyirik. Analiz edərək, işləməli olduğumuz məsələlər var. İki hücumçu ilə gərginlik yarada bilirik. Amma daim göstərdiyimiz kombinasiyalı oyun itib. Bunun üzərində düşünməli və qərar verməliyik. Onların daha yaxşı oynayacaqlarına şübhəm yoxdur. Aydındır ki, uduzmuşuq, nəticə pisdir. Amma gəlin, düzünü deyək: rəqib yarım epizod yaratdı və qol vurdu. Biz isə gah qapı dirəyinə vurduq, gah da 5 metrlik məsafədən büdrədik. Epizodlar yaratsaq da, oyun keyfiyyətini daha da yaxşılaşdırmalıyıq.
– Ötən mövsüm Premyer Liqa səviyyəsində oyunçularınızın olmadığını bildirirdiniz. Bəs bu il necə?
– Elə indicə bu suala cavab verdim. Təbii ki, komandaya girən, amma fəlsəfəmizi bilməyən o cür futbolçular ola bilər. Qulaq asmaq və bizim dediyimiz oyunu sərgiləmək lazımdır. Artıq 2026-cı ildir, gəlin, ötənilki söhbətdən danışmayaq.
– Artıq II turdan sonra azarkeşlər sizi istefaya səsləyirdilər…
– Belə bir oyundan sonra onların buna haqları var.
– Bəs narahat deyilsiniz ki, onların sizə inamı itə bilər?
– (bir qədər pauzadan sonra əlini masaya çırpır – red.). Sağ olun.



No Comment! Be the first one.