AFFA-nın texniki direktoru, niderlandlı Edmond Klaus uşaq liqalarında müəyyən dəyişikliklər edib. Bu isə xeyli etirazla qarşılanıb.
Edmond Klaus nə edib?
“Sabahın ulduzları” yarışını izləyib və belə qərara gəlib ki, U-14 liqası 11 nəfərlə yox, 9 nəfərlə oynansın. Bunu da, səhv etmirəmsə, belə əsaslandırıb: 9×9 oyununda daha çox genişlik olacaq və uşaq daha rahat qərar qəbul edəcək. Həm də uşaq daha çox hərəkətdə olacaq ki, bu da onun fiziki hazırlığına müsbət təsir edəcək.
Başqa dəyişikliklər də var: autun ayaqla oyuna daxil edilməsi, əvəzlənən oyunçunun yenidən oyuna daxil olması və s.
O, bütün bu fikirləri də əsaslandırıb.
Niderlandlı mütəxəssisin karyerasına nəzər saldıqda, onunla bu mövzuda mübahisə etmək istəməzsən. Çünki uzun müddət bu sahədə çalışıb, böyük təcrübəyə malikdir. Edmond Oskar Klaus uzun illərdir futbol akademiyalarının qurulması, istedadların inkişafı və texniki idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssisdir.

Onun karyerasına nəzər saldıqda aydın görünür ki, əsas fəaliyyət istiqaməti futbol strukturunun formalaşdırılması, akademiyaların idarə olunması və gənc futbolçuların inkişaf sisteminin qurulması olub.
Özü də futbolun, xüsusilə uşaq futbolunun inkişaf etdiyi, hər il çoxsaylı futbolçular yetişdirən Niderland futbol məktəbindən gəlib.
Bir çox uşaq futbolunda çalışan yerli mütəxəssis isə Klausun qərarlarına etiraz edib.
Gəlin baxaq: 15 ildən çoxdur ki, yarışlar eyni sistemdə keçirilir. Bu yarışları keçirməkdə məqsəd nə olub? Futbolçu yetişdirmək.
Yetişibmi?
15-16 il bundan əvvəl U-13 liqasında oynayan uşaq bu gün 30 yaşına yaxınlaşır. Bəs nəticə haradadır? Neçə Avropa səviyyəli futbolçu yetişib? Avropanı demirəm, bu gün limitin ləğvindən sonra neçə yerli futbolçu daxili çempionatda diqqəti cəlb edir? Neçəsi komandasında liderdir?
Məncə, cavabı yazmağa ehtiyac yoxdur. Cavab aydındır: Nəticə lazımi səviyyədə deyil.
Niyə? Axı uşaq liqalarında yarışlar keçirilir. Bu yarışların keçirilməsində məqsəd də futbolçu yetişdirməkdir.
Deməli, nələrsə düz deyil.
Bəlkə elə uşaq liqalarında yarışların formatı düz deyil? Hər halda, fərqli yanaşmaları sınamaq, yoxlamaq lazımdır.
Bəziləri deyir ki, Edmondun bu addımı Azərbaycan futbolunu geri atacaq. Bəyəm Azərbaycan futbolu irəlidə idi ki?

Məşhur bir ifadə var: eyni şeyi təkrar-təkrar edib fərqli nəticə gözləmək olmaz. Bizdə də 15 ildən çoxdur çempionat eyni sistemdə keçirilir, nəticə isə gözlənilən səviyyədə deyil. Bu belə davam edərsə, yenə də fərqli nəticə əldə etmək çətin olacaq. Deməli, sınamaq, fərqli işlər görmək lazımdır.
Bizim yerli mütəxəssislər ona etiraz etməzdən əvvəl əvvəlcə özlərinə baxsınlar: hansı uğurlara nail olublar, neçə Avropa səviyyəli, dünya səviyyəli futbolçu yetişdiriblər?
Məncə, bu mütəxəssisə düşüncələrini həyata keçirməyə imkan verilməlidir.
Nəticəyə baxaq. Əgər nəticə bizi qane etməsə, etiraz etməyə vaxt olacaq.
Vüqar MƏMMƏDOV


No Comment! Be the first one.