Kök qapıçı milliyə vacib xal qazandırdı
Botsvana milli komandasının qapıçısı Qoytseone Pxoko qeyri-adi fiziki göstəriciləri və inamlı çıxışı ilə beynəlxalq idman mediasının diqqətini cəlb edib.
Sportify.az xəbər verir ki, 31 yaşlı qolkiper Afrika Kubokunun seçmə mərhələsində komandasının səfərdə Tunis yığması ilə sensasiyalı heç-heçə etməsində mühüm rol oynayıb.
O, qarşılaşma ərzində 6 seyv edib və qapısında iki qol görüb.
Onun boyu 167 santimetrdir. Bu göstərici onu hazırda beynəlxalq futbolda çıxış edən ən qısa boylu peşəkar qapıçılardan biri kimi fərqləndirir.
Son dövrlərdə futbolçunun çəkisində də ciddi artım qeydə alınıb. Əvvəllər 70 kiloqramdan bir qədər çox çəkisi olan Pxokonun hazırkı çəkisinin 80 kiloqramı keçdiyi bildirilir.
Bununla belə, fiziki göstəricilərinə baxmayaraq, Pxoko qapıda etibarlı çıxışı ilə seçilir.
Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tunis və Liviya millilərinə qarşı keçirilən oyunlarda botsvanalı qapıçı qapısına dəqiq istiqamətlənən 15 zərbənin 11-ni dəf edib.
Onun uğurlu çıxışı nəticəsində Botsvana millisi seçmə qrupunda gözlənilməz şəkildə lider mövqeyə yüksəlib.



No Comment! Be the first one.