Konrad Fünfştük: Azərbaycanı üç hissədə heç-heçəyə məcbur etdik
Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük Azərbaycan yığmasına qarşı UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun V turunda keçirilən oyunu dəyərləndirib.
Sportify.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesablı məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından qürur duyduğunu bildirib.
Fünfştük Azərbaycan millisinin qələbə naminə vaxt uzatmağa və əlavə vaxtda taktiki əvəzetmələr etməyə məcbur qalmasını komandasının yaxşı oyun göstərməsinin sübutu kimi qiymətləndirib: “Çətindir. Futbolçusan, məşqçisən, qalib gəlmək, xal qazanmaq istəyirsən və heç vaxt məğlubiyyətlə kifayətlənməyəcəksən. Məğlubiyyətə sevinə biləcək adam mən deyiləm. Bununla belə, komandamızla bağlı bir qədər söz tapa bilmirəm, qürur hissi keçirirəm. Azərbaycanı vaxt uzatmağa və əlavə vaxtda taktiki əvəzetmələr etməyə məcbur etmişiksə, bu, komandamızın bu gün nə qədər yaxşı çıxış etdiyini göstərir. Taktiki baxımdan möhtəşəm hazırlaşmışdıq. İlk 10 dəqiqədə çətinlik çəkdik və bir qədər bəxtimiz gətirdi. Bundan sonra isə oyuna yaxşı qoşulduq. Müdafiədə tamamilə yeni formalaşmış heyətlə çıxış etməyimizə baxmayaraq, yaxşı oynadıq”.
Bununla belə, 46 yaşlı baş məşqçi son zonada bir qədər daha ağıllı və qətiyyətli davranmağa ehtiyac duyduqlarını dilə gətirib: “Belə çıxışın qarşılığını almaq üçün bizə çox şey çatmır. Qrupun qalibi ilə iki dəfə qarşılaşdıq. Üç hissədə heç-heçə oynadıq, yalnız bir hissədə zəif müdafiə etdiyimiz standart vəziyyətdən qol buraxaraq 0:1 hesabı ilə uduzduq. Millətlər Liqasının bu mövsümündəki çıxışımızla fəxr edə bilərik. Litva ilə oyunda nə baş verməsindən asılı olmayaraq, yaxşı iş gördük və bir çox gənc futbolçunu komandaya inteqrasiya etdik. Bu gün məğlubiyyətə görə məyusam, amma eyni zamanda komandamla qürur duyuram”.
Qeyd edək ki, Vadutsdakı “Raynpark” stadionunda keçirilmiş qarşılaşmada yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub. Bu qələbə ilə Azərbaycan millisi qrup liderliyini təmin edib.
Lixtenşteyn yığması isə noyabrın 16-da səfərdə Litva ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



No Comment! Be the first one.