Lixtenşteyn millisinin baş məşqçisi: Litva və Azərbaycan fiziki cəhətdən güclüdür
“Gərgin oyunlar seriyası bizim üçün böyük çağırışdır, eyni zamanda bütün komanda üçün dəyərli təcrübə qazandırır. Xüsusilə gənc futbolçular ilk dəfə A milli komandada beynəlxalq təcrübə əldə etmək imkanı qazanırlar”.
Sportify.az xəbər verir ki, bunu Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasında Litva və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunlar barədə danışarkən deyib.
O bildirib ki, komandada futbolçuların əlçatanlığı əsas məsələlərdən biridir. Baş məşqçinin sözlərinə görə, kiçik federasiya olan Lixtenşteyn milli komandanın üzvlərinin iş, təhsil və şəxsi öhdəliklərini nəzərə almalı olur. Eyni zamanda, qısa müddətdə çoxsaylı oyunların keçirilməsi futbolçular üçün əlavə fiziki yük yaradır.
Konrad Fünfştük Litva və Azərbaycan millilərini fiziki cəhətdən güclü və yaxşı təşkilatlanmış komandalar kimi xarakterizə edib. O qeyd edib ki, UEFA Millətlər Liqasında bu qarşılaşmalarda vacib xallar uğrunda mübarizə aparılacaq.
Baş məşqçi yoldaşlıq oyununda qarşılaşacaqları Malta və Cəbəllütariqi də ciddi rəqiblər hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin komandalar yüksək əzmkarlıq və motivasiya ilə çıxış edirlər.
Fünfştük vurğulayıb ki, onun üçün rəsmi və ya yoldaşlıq oyunu arasında fərq yoxdur: hər bir qarşılaşmaya maksimum peşəkarlıq və ciddiyyətlə yanaşılır.
Lixtenşteyn millisinin heyətində inkişaf strategiyasının davam etdirildiyini bildirən baş məşqçi ilk dəfə Florian Allqauer və Alessandro Lo Russonun A milli komandaya dəvət aldıqlarını qeyd edib.
O, iyun ayında komandada olmayan təcrübəli futbolçular Benjamin Büxel və Nikolas Haslerin də yenidən heyətə qayıtdığını bildirib.
Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.



No Comment! Be the first one.