Los Anceles - 2028: Biletlərə fantastik qiymət qoyuldu
2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarında biletlərin qiyməti rekord həddə çatacaq.
Sportify.az “The Athletic”ə istinadən xəbər verir ki, əsas medal yarışlarını və açılış-bağlanış mərasimlərini izləmək azarkeşlərə minlərlə dollara başa gələcək.
Ən bahalı bilet açılış mərasiminə olacaq. Olimpiadanın əsas şousunu canlı izləmək üçün biletin qiyməti 5 519 ABŞ dollarına qədər yüksələcək. Bağlanış mərasiminə bilet isə 4 961 dollar təşkil edəcək.
İdman növləri arasında ən yüksək qiymət kişilər arasında basketbol finalına qoyulub. Ən yüksək kateqoriyalı biletin qiyməti 3 350 dollar olacaq.
Ən bahalı yarışlar arasında qadınların idman gimnastikası və atletika (2 461 dollar), kişilərin idman gimnastikası (2 264 dollar), üzgüçülük (1 860 dollar), beysbol (1 718 dollar) və futbol (1 305 dollar) da yer alıb.
Təşkilatçılar yüksək qiymətləri olimpiadanın çoxmilyardlıq büdcəsinin dövlət subsidiyaları olmadan, tamamilə özəl maliyyələşmə hesabına qarşılanması ilə izah edirlər.
Bununla yanaşı, sıravi azarkeşlər üçün təxminən 1 milyon baza kateqoriyalı biletin satışa çıxarılması planlaşdırılır. Bu biletlərin qiyməti 28 dollardan başlayacaq.
28 dollar qiyməti isə Olimpiadanın keçiriləcəyi 2028-ci ilə simvolik istinaddır.
Bununla belə, əsas idman növlərində final yarışlarının biletləri rekord bahalığı ilə Los Anceles olimpiadasını tarixə ən yüksək qiymətli Oyunlardan birinə çevirəcək.


No Comment! Be the first one.