Lotar Matteus Bakıda "Qarabağ" və "Sabah"dan danışdı
“Mən cüdonu bəyənirəm. Xüsusilə də idmançılar arasındakı hörmət, hakimə olan münasibət xoşuma gəlir”.
Sportify.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Almaniyanın əfsanəvi futbolçusu Lotar Matteus deyib.
Ötənlərin məşhur yarımmüdafiəçisinin sözlərinə görə, futbolda və özünün daha çox ixtisaslaşdığı sahədə, belə münasibətə o qədər də rast gəlinmir: “Düzünü desəm, cüdoda bütün qaydaları bilmirəm, amma ədalətli olmağa çalışıram. Azərbaycanda, Bakıda ilk dəfəyəm və burada olduğum üçün çox xoşbəxtəm. Dünən fantastik görüşlər izlədim və ümid edirəm ki, bu gün də çox maraqlı final qarşılaşmalarının şahidi olacağıq”.
Matteus Milli Gimnastika Arenasında izlədiyi cüdo üzrə dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib: “Mənim üçün ilk növbədə, Almaniya cüdoçularını dəstəkləmək təbiidir. Amma burada atmosfer də çox xoşuma gəlir. Düşünürəm ki, bura cüdo üçün çox yaxşı məkandır. Çünki Azərbaycanda cüdoya böyük maraq və sevgi var. Bunu arenada hiss etmək mümkündür”.
Sabiq futbolçu Azərbaycana səfərinin əsas səbəblərindən biri kimi Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə əlaqələrinin olması və onun dəvətini göstərib: “Azərbaycanda ilk dəfədir iştirak edirəm. Dünənki görüşləri izlədim və çox xoşuma gəldi. Cüdoya olan marağım bir tərəfdən də cüdoçuların hakimlərə münasibətindən qaynaqlanır. Futbolda çox da rast gəlinməyən hakimə hörmət prinsipi cüdoda mövcuddur və məhz bu prinsip mənim çox xoşuma gəlir. Azərbaycana gəlmək və Bakıda keçirilən dünya çempionatını izləməkdən çox məmnunam. Mənim də televiziya ilə bağlı işlərim, öhdəliklərim və ailəmlə bağlı məsuliyyətlərim var. Buna baxmayaraq, burada olmaqdan çox xoşbəxtəm. Dünya çempionatı istənilən idman növündə böyük hadisədir. Bu, mənim cüdo üzrə üçüncü dünya çempionatımda iştirakım olur. Bundan əvvəl Parisdə və Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında olmuşam. Londonda Yay Olimpiya Oyunlarını, Vyanada isə Avropa çempionatını izləmişəm. Yəni, cüdo ailəsi ilə birlikdə dünyanın müxtəlif yerlərinə çox səfərlər etmişəm və burada olmaq mənim üçün çox xoşdur”.
Matteus “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında oktyabrın 20-də keçiriləcək Çempionlar Liqasının III tur oyunu barədə də danışıb. Onun fikrincə, Almaniya təmsilçisi favorit olsa da, futbolu 90 dəqiqə oynamaq lazımdır: “Cüdoda isə mübarizə cəmi 4 dəqiqə davam edir. Sonda isə qalib müəyyənləşir. “Borussiya Dortmund” keyfiyyətinə, büdcəsinə və sahib olduğu dəstəyə görə daha güclü görünür. Düşünürəm ki, onların daha yaxşı futbolçuları var. Amma bir neçə il əvvəl “Qarabağ”ın timsalında Azərbaycan futbolunda bunun əksini də görmüşük. Yaxşı iş gördükdə, yaxşı günündə olduqda və komanda şəklində mübarizə apardıqda hər şey mümkündür. “Qarabağ” son illərdə bunu çox yaxşı nümayiş etdirib. İndi isə Azərbaycanın Çempionlar Liqasında ikinci komandası var. Düşünürəm ki, bu, Azərbaycan futbolunun daha yaxşı istiqamətdə inkişaf etməsi üçün yaxşı haldır. Milli komandanın da son iki-üç ildə göstərdiyi inkişaf bunu təsdiqləyir”.
Qeyd edək ki, Azərbaycan klublarından fərqli olaraq, milli komandanın nəticələri aşağı səviyyədədir. Bu baxımdan, Lotar Matteusun yığma barədə məlumatlı olmadığı görünür.



No Comment! Be the first one.