Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Oktyabrın 12-də ABŞ-nin Las Veqas şəhərində start götürəcək 23 yaşadək güləşçilər arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, bir həftə davam edəcək mundiala 23 pəhləvan yollanacaq.
Yunan-Roma güləşi üzrə milli yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) çıxış edəcək.
Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) qüvvəsini sınayacaq.
Çempionatın son günlərində isə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər uğur qazanmağa çalışacaqlar. Heyətdə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) yer alıb.
Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seansının görüşləri isə 04:45-də başlayacaq.
U23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.



No Comment! Be the first one.