Messi ən çox təhdid alan futbolçu oldu
2026-cı il dünya çempionatı zamanı təhlükəsizlik qurumlarına daxil olan təhdidlərin sayına görə Lionel Messi ilk sırada olub.
Sportify.az xəbər verir ki, ABŞ polisi, Federal Təhqiqatlar Bürosu və digər təhlükəsizlik qurumları mundial zamanı qeydə alınan təhlükələrlə bağlı məlumatları açıqlayıb.
Argentina millisinin İordaniyaya qarşı qrup mərhələsi oyunundan əvvəl bir şəxs Dallas hava limanına zəng edərək iki nəfərlə birlikdə stadiona evdə hazırlanmış bombalar və tüfənglərlə hücum edəcəyini bildirib. Həmin şəxs xüsusilə Messini hədəf aldığını və onu öldürmək niyyətində olduğunu deyib.
Messi növbəti mərhələdə Misirlə qarşılaşmadan əvvəl də təhdid alıb. Bir şəxs sosial şəbəkədə stadiona daxil olaraq üzərinə bağladığı bombalarla Messiyə hücum edəcəyini yazıb.
Bundan başqa, stadionun zibil qutularında üç bombanın gizlədilməsi ilə bağlı məlumat daxil olub. Lakin xüsusi təlim keçmiş itlərin iştirakı ilə aparılan axtarış nəticəsində bunun yalan xəbər olduğu müəyyənləşib.
Portuqaliya millisinin lideri Kriştianu Ronaldu da mundial zamanı təhdidlərlə üzləşib.
Federal Təhqiqatlar Bürosunun FIFA-ya verdiyi məlumata görə, Portuqaliya millisinin qaldığı oteldə şübhəli şəxs müəyyənləşdirilib. Həmin şəxs Ronaldunun harada olduğu barədə ətraflı məlumat almağa çalışıb.
İki gün sonra həmin şəxs Hyuston polisi tərəfindən saxlanılıb. Oxşar hadisə Torontoda da baş verib. Bir şəxs Ronaldunun olduğu vaxt futbolçunun istifadə etdiyi liftə daxil olmağa cəhd edib.
Argentina – Misir matçının fransalı baş hakimi Fransua Leteksyö mesajlaşma tətbiqi vasitəsilə 6 mindən çox təhdid alıb.
Həmin qarşılaşmada VAR hakimi kimi çalışmış Villi Delajo da oxşar təhdidlərə məruz qalıb.
Bundan sonra Fransada hər iki hakimin evləri və ailələri üçün əlavə təhlükəsizlik tədbirləri görülüb.



No Comment! Be the first one.