Millimizin yeni legioneri: Ən çox bəyəndiyim klub "Qarabağ"dır - MÜSAHİBƏ
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına Rusiyanın “Master-Saturn” klubundan cəlb olunmuş Timur Vəliyev Sportify.az-a eksklüziv müsahibə verib.
19 yaşlı mərkəz müdafiəçisi əvvəlcə Omanın U-23 yığması üzərində 2:1 hesablı qələbə qazandıqları yoxlama matçını dəyərləndirib:
– Oyun ağır və çətin keçdi. Çünki yeni yığışmışıq. Hələ indi komanda kimi formalaşmağa çalışırıq. Müəyyən oyun təcrübəmiz də yoxdur. Biz yaratdığımız fürsətlərdən yararlanaraq qol vurduq və rəqibə böyük imkanlar vermədik. Nəticədə qələbə qazandıq.
– Rusiyada karyeranız necə gedir: Hansı mövqedə oynayırsınız və baş məşqçiniz İqor Qavrilin sizə etibar edirmi?
– Hər şey yaxşıdır. Mərkəz müdafiəçisi mövqeyində çıxış edirəm, komandanın kapitanıyam. Hazırkı komandamda qalacağım müddət başa çatdıqdan sonra bu, mənim üçün son oyun olacaq. Komandadan ayrılacağam və karyeramı davam etdirmək üçün yeni təkliflər axtaracağam.
– Bəs əsas komandaya yüksəlmək ehtimalınız varmı?
– Bəli, bu variant da var. Hazırda danışıqlar aparırıq, amma hələ heç nə dəqiq deyil. Baş məşqçinin nə vaxt təyin olunacağını da bilmirik. Əgər onun planlarında yer alsam, bu barədə düşünəcəyəm.
– “Saturn”un tarixində çətin dövrlər olub. Komanda bir müddət fəaliyyətini dayandırmışdı. Hazırda hansı liqada çıxış edir?
– “Saturn” hazırda ikinci liqada oynayır və turnir cədvəlində 8-ci yerdədir. Komandanın əsas məqsədi həmişə yüksək liqaya yüksəlmək və qalib gəlmək olub. Lakin hər dəfə nəsə çatışmayıb. Bəzən yüksək yerlər uğrunda mübarizə aparsalar da, istədikləri nəticəni əldə edə bilməyiblər. Ümid edirəm ki, növbəti mövsüm liqada yüksələcəklər.
– Azərbaycan millisinə dəvət almağınız necə baş verdi?
– Təxminən iki ay əvvəl mənimlə əlaqə saxladılar. Baş məşqçi Rəşad Eyyubov zəng edərək maraqlandı, dəvət barədə danışdı. Bunun mənim üçün çox maraqlı olduğunu və toplanışda iştirak etmək istədiyimi bildirdim.
– Neçə yaşınız var?
– 2007-ci il təvəllüdüyəm.
– Deməli, təxminən 19 yaşınız var. Bildiyiniz kimi, gələn il Azərbaycanda və Özbəkistanda U-20 dünya çempionatı keçiriləcək. Həmin turnirdə iştirak şansınızı necə qiymətləndirirsiniz?
– Əlbəttə, dünya çempionatında iştirak etmək hər bir futbolçunun arzusudur. Hamı bu turnirdə oynamaq istəyir. Amma belə imkanlar hər zaman yaranmır.

– Azərbaycan millisində oynamaq qərarınıza ən çox hansı amil təsir etdi?
– Atam azərbaycanlıdır və mən də həmişə özümü azərbaycanlı hesab etmişəm. Düşünürəm ki, bu amil əsas rol oynadı. Dəvət alanda heç düşünmədən milliyə qoşulmaq istədim.
– Millidə çıxış etmək sizin üçün hansı motivasiyanı yaradır?
– Vətənim və ölkəm üçün beynəlxalq səviyyədə yaxşı çıxış etmək böyük motivasiyadır.
– Bəzi futbolçular əvvəlcə yaş qrupları üzrə millilərdə çıxış edir, daha sonra əsas milli komanda seçimi qarşısında qalırlar. Belə vəziyyətdə Azərbaycan və Rusiya arasında seçim etməli olsanız, qərarınız necə olar? Məsələn, Aleksandr Səmədovun da buna bənzər yolu olmuşdu…
– Bilmirəm. Hələlik nə Azərbaycandan, nə də Rusiyadan hər hansı təklif almışam. Bütün təkliflərə açığam, hamısını nəzərdən keçirəcəyəm və yekun qərarımı özüm verəcəyəm.
– Azərbaycanın hər hansı klubundan təklif alsanız, qəbul edərsiniz?
– Bəli, düşünürəm ki, qəbul edərəm. Niyə də yox?! Bunun mənim üçün doğru addım olduğunu düşünsəm, valideynlərimlə məsləhətləşəcəyəm. Karyeramın inkişafı baxımından düzgün qərar olduğuna əmin olsam, təklifi qəbul edib keçid edə bilərəm.
– Azərbaycan futbolunu, xüsusilə Premyer Liqanı izləyirsiniz?
– Çempionlar Liqasındakı oyunları izləyirəm. Ötən il “Qarabağ”ın oyunlarına baxırdım, hazırda isə “Sabah”ı izləyirəm.
– Oyun üslubunuza hansı Azərbaycan klubu daha çox uyğun gəlir?
– Bilmirəm. Bu qərarı mən yox, həmin klubların məşqçiləri verirlər.
– Bəs ən çox bəyəndiyiniz Azərbaycan klubu hansıdır?
– Düşünürəm ki, “Qarabağ”.


No Comment! Be the first one.