Mini yubka statistikası və AFFA-nın böyük hədəf problemi
“Statistika mini yubka kimidir – çox şeyi göstərir, amma ən əsas olanı gizlədir”.
Bu məşhur ifadə çox vaxt İngiltərə “Mançester Yunayted”inin əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusona aid edilsə də, əslində şotlandiyalı mütəxəssis Ebbe Skovdalın sözüdür.
Futbol tarixində qalan bu ironik kəlamı AFFA-nın baş katibi Cahangir Fərəcullayevin son açıqlamalarına da şamil etmək olar. Çünki təqdim olunan statistikalar və uğur kimi göstərilən nəticələr Azərbaycan futbolunun əsas problemlərini, eləcə də əldən verilmiş imkanları gizlətməyə kifayət etmir.
Fərəcullayev Andorrada jurnalistlərlə görüşündə Azərbaycan millisinin bu il ən az məğlub olan komandalar sırasında olduğunu xüsusi vurğulayıb. Məğlubiyyətlərin sayının az olması, əlbəttə, müsbət göstəricidir. Amma hansı rəqiblərlə oynadığımızı, hansı turnirdə iştirak etdiyimizi və əldə olunan nəticələrin bizə nə qazandırdığını da unutmaq olmaz.
Baş katibin sözlərindən belə çıxır ki, D Liqasından C Liqasına yüksəlmək qarşıya qoyulan əsas məqsəd olub və bu vəzifə yerinə yetirilib. Halbuki UEFA-nın format dəyişikliyinə əsasən, D Liqasının bütün iştirakçıları növbəti mövsümdə C Liqasında çıxış edəcəklər. Deməli, bu, Azərbaycan millisinin qrupdakı nəticəsindən asılı olmayan bir yüksəliş idi.
Bu yenilik hələ yay aylarından bəlli olduğu halda, niyə hədəf dəyişdirilmədi? Niyə qrupun yox, D Liqasının ən güclü komandası olmaq qarşıya məqsəd qoyulmadı?

Azərbaycan millisi Lixtenşteynlə son oyunda bir qol artıq vursaydı, Malta ilə müqayisədə üstünlük qazanaraq D Liqasının ümumi sıralamasında birinci ola bilərdi. Bu isə 2028-ci il Avropa çempionatının seçmə mərhələsindən sonra pley-off şansı baxımından əhəmiyyət daşıya bilərdi. Bir sözlə, komanda qrup liderliyinə nail oldu, amma daha böyük fürsəti əldən verdi.
Ən vacibi isə budur ki, bütün bu statistikaların, azsaylı məğlubiyyətlərin və qrup liderliyinin arxasında dəyişməyən bir həqiqət var: Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmayıb. Nə qədər müsbət rəqəm sadalansa da, nə qədər nəticə uğur kimi təqdim edilsə də, bu faktı dəyişmək mümkün deyil. Üstəlik, D Liqasının ən yaxşı komandası olmaq üçün son oyunda cəmi bir qol çatmadığı halda, bu fürsətin əldən verilməsi ayrıca müzakirə olunmalıdır.
Fərəcullayev Azərbaycan futbolunun dibə düşdüyünü etiraf edir. Ancaq dibdən çıxmaq üçün təkcə bunu söyləmək kifayət deyil. Düzgün strategiya, düzgün prioritetlər və məsuliyyət lazımdır. Klublarla qarşıdurmaya girib, sonra həmin klubların rəhbərlərini nümunə göstərmək, minimum hədəfi böyük uğur kimi təqdim etmək idarəçilik strategiyası sayıla bilməz.
Məsələn, Fərəcullayevin “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı açıqlaması ayrıca suallar doğurur. AFFA-nın baş katibi onu Azərbaycan futboluna sərmayə yatıran nümunəvi iş adamı kimi təqdim edib, hər bölgədə belə insanların olmasının vacibliyini vurğulayıb. Hətta “Şahdağ-Qusar”ın da ikinci “Turan Tovuz”a çevrilə biləcəyini söyləyib.
Bəs onda AFFA rəhbərliyinin Quliyevlə münasibətlərində yaşanan gərginlik nə idi? Hakim qərarları ətrafında yaranan qarşıdurmalar, “Turan Tovuz”un narazılıqları və klub rəhbərliyi ilə AFFA arasında hiss olunan soyuqluq necə izah olunur? Ehtiram Quliyev Azərbaycan futboluna sərmayə yatıran, bölgə futbolunun inkişafına töhfə verən nümunədirsə, onunla münasibətlərin bu həddə çatmasına nə ehtiyac var idi? Quliyevlə hakimlər vasitəsilə yaradılan qarşıdurmadan sonra bu gün onu nümunə göstərmək, ən azı, ziddiyyətli görünür.

Burada daha bir məqam diqqət çəkir: Fərəcullayevin Peşəkar Futbol Liqası (PFL) ilə münasibətlərində də əvvəlki sərt mövqedən geri çəkildiyi təəssüratı yaranır. Bir müddət AFFA ilə PFL arasında açıq qarşıdurma görüntüsü vardı. İndi isə həmin mübahisənin əvvəlki kəskinliyi görünmür. Bu, tərəflərin ortaq məxrəcə gəlməsi, yoxsa AFFA rəhbərliyinin qarşıdurmadan geri çəkilməsi deməkdir? Hər iki halda, futbol ictimaiyyətinin cavab gözlədiyi suallar qalır.
Ən maraqlısı odur ki, Fərəcullayev bir tərəfdən ölkədə futbolun inkişafı üçün Ehtiram Quliyev kimi sərmayədarlara ehtiyac olduğunu deyir, digər tərəfdən belə şəxslərlə münasibətlərin niyə gərginləşdiyini izah etmir. Futbolun inkişafı təkcə yeni meydançalar tikməklə, statistik göstəricilər sadalamaqla mümkün deyil. Klublarla, onların rəhbərləri ilə sağlam münasibət qurmaq, fikir ayrılıqlarını şəxsi və institusional qarşıdurmaya çevirməmək də idarəetmənin bir hissəsidir.
Baş katibin açıqlamalarında statistikalar çoxdur. Amma əsas suallar hələ də cavabsızdır: Azərbaycan futbolu niyə bu vəziyyətə düşüb? Onu buradan çıxarmaq üçün konkret nə edilir? Niyə daha böyük hədəflər qoyulmur? Və ən əsası, nəticədə pley-off vəsiqəsi yoxdursa, hansı göstəricini uğur kimi təqdim edirik?
Ebbe Skovdalın məşhur ifadəsini bir daha xatırlatmaq yerinə düşər: “Statistika mini yubka kimidir – çox şeyi göstərir, amma ən əsas olanı gizlədir”.
Bu dəfə isə həqiqəti statistikaların arxasında gizlətməyə ehtiyac da yoxdur. O, göz qabağındadır: Azərbaycan millisi pley-offa vəsiqə qazana bilməyib. Rəqəmlər nə qədər müsbət görünsə də, yekun nəticə budur.


No Comment! Be the first one.