Van der Vaart: De Yonq olmayanda futbolçular qorxuya düşürlər
Niderland millisinin sabiq futbolçusu Rafael van der Vaart Almaniya yığmasına 0:5 hesabı ilə məğlubiyyətdən sonra komandasının çıxışını sərt tənqid edib.
Sportify.az xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu UEFA Millətlər Liqasında baş tutan qarşılaşmada Niderland millisinin aparıcı oyunçularının zəif çıxış etdiyini bildirib. O, eyni zamanda zədə səbəbindən matçı buraxan “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun yoxluğunun komandaya ciddi təsir göstərdiyini vurğulayıb.
Van der Vaart NOS telekanalına açıqlamasında futbolçuların meydandakı görüntüsünü tənqid edərək deyib:
“Bəzən rəqib sizi geri çəkilməyə məcbur edir. Amma futbolçuların necə hərəkət etdiyinə baxın. Sanki qorxudan özlərini itirmişdilər və kürəklərində kartof kisələri daşıyırdılar. Yorğun görünürdülər, enerjidən məhrum idilər”.
Sabiq futbolçu De Yonqun oyununu yüksək qiymətləndirib və onun bacarıqlarının lazımi səviyyədə dəyərləndirilmədiyini söyləyib:
“Biz Frenkinin bacarıqlarına kifayət qədər qiymət vermirik. Onun yoxluğu çox böyük təsir göstərdi. De Yonq topu daim özünə cəlb edir və ayağında top olanda çox sakit davranır”.
Van der Vaart Niderland millisinin ən yaxşı futbolçusunun məhz De Yonq olduğunu da qeyd edib:
“Ən yaxşı oyunçularınızın meydanda olmasını istəyirsiniz. Mənim fikrimcə, ən yaxşısı Frenki de Yonqdur”.
Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildə “Ayaks”dan 75 milyon avro qarşılığında “Barselona”ya transfer olunub. O, Kataloniya klubunda 300 rəsmi matç keçirərək Filipp Kokü və Ronald Kumanı geridə qoyub və komanda tarixində ən çox oyun keçirən niderlandlı futbolçu olub.



No Comment! Be the first one.