Nepalda futbol federasiyasının rəsmiləri barəsində araşdırma aparılır
Nepal Mərkəzi Təhqiqat Bürosu (CIB) Ümumnepal Futbol Assosiasiyasının (ANFA) bir sıra vəzifəli şəxsləri barəsində danışılmış oyunların təşkili, maliyyə pozuntuları və dələduzluq şübhələri ilə bağlı araşdırmaya başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat yayıb.
İlkin araşdırmanın nəticələrinə əsasən, assosiasiyanın xəzinədarı Rabindra Coşi və mühasib Sanjiv Pandey saxlanılıb.
Cümə günü CIB əməkdaşları ANFA-nın Lalitpur şəhərində yerləşən ofisində axtarış apararaq noutbuklar, dörd sistem bloku və digər elektron avadanlıqları götürüblər. Lalitpur məhkəməsi saxlanılan şəxslərin dörd gün müddətinə həbsdə saxlanılmasına icazə verib.
İstintaqçılar pozuntuların Nepal və Bəhreyn milli komandaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi və 2027-ci il Asiya Kubokunun seçmə oyunlarının təşkili zamanı baş vermiş ola biləcəyini araşdırırlar.
Nepal və Bəhreyn arasında keçirilməsi planlaşdırılan hər iki qarşılaşma əvvəlcə Nepal və Bəhreyndə təşkil olunmalı idi. Lakin hər iki oyun Bəhreyndə keçirilib. Nepal yığması həmin görüşlərdə 0:5 və 0:3 hesabı ilə məğlub olub.
ANFA oyunların Katmandudakı “Daşarat” stadionunun ot örtüyünün Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən yararsız hesab edilməsi səbəbindən Bəhreynə keçirildiyini bildirib. Bununla yanaşı, istintaq oyunların yerinin dəyişdirilməsinin mümkün maliyyə pozuntuları ilə əlaqəsini də araşdırır.
Polis, həmçinin ANFA-nın “Kelme” və “KTM City” şirkətlərindən forma və futbol avadanlıqlarının alınması zamanı mümkün qanun pozuntularını araşdırır. Dünya çempionatının seçmə oyunlarına biletlərin satışı zamanı FIFA tərəfindən müəyyən edilmiş prosedurlara əməl olunub-olunmadığı da diqqət mərkəzindədir.



No Comment! Be the first one.