Ömər Rəcəbli: 25 ildən sonra atamın nailiyyətini təkrarladım - MÜSAHİBƏ
Bakıdakı dünya çempionatında 81 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Ömər Rəcəbli brifinq keçirib.
23 yaşlı idmançı Sportify.az-ın da suallarını cavablandırıb:
– Atanız Elxan Rəcəbli də 2001-ci ildə eyni çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanmışdı. İndi isə siz bunu bacardınız. Hansı hissləri keçirirsiniz?
– Sırf bu məqam mənə çox böyük xoşbəxtlik hissi gətirir. Çünki 25 ildən sonra eyni nailiyyəti təkrarlamaq, məncə, böyük bir işdir. Medalı da ona həsr edirəm.
– Yarışdan qabaq məşqçiniz Elxan Rəcəbli sizə nə dedi, sizi necə motivasiya etdi?
– O, hər zaman yanımdadır, həmişə mənə motivasiya verir. Yəni o olmasa, bəlkə də mən bu gün burada, dünya səviyyəsində olmazdım. Mən uduzanda da, yıxılanda da həmişə mənə dəstək olub. Sırf ona görə bu gün mən buradayam.
– Keçən Avropa çempionatında da serblərə uduzmuşdunuz. Bu dəfə də 1/4 finalda serbiyalı Mihaylo Siminə yenildiniz…
– Avropa çempionatında uduzanda mənim ayağım zədələnmişdi. Yəni, ona görə uduzdum. Orada eyni serbiyalıya uduzmamışdım. Məğlubiyyətimə görə çox məyus olmuşdum. Çünki çox yaxşı formada idim. Uduzandan bir neçə gün sonra özümə inandım ki, Allah mənə orada vermədisə, dünya çempionatında verəcək. Çünki çox əziyyət çəkirdim.
Burada 1/4 finalda serbiyalıya uduzmağımın səbəbi isə əvvəlki görüşümdən sonra qısa müddət ərzində yenisinə çıxmağım oldu. Nə cür oldu, bilmədim. Görünür, bir qədər dözümüm çatmadı, tez yoruldum. Bu da vaxt azlığı ilə əlaqədar idi.
– Dünya çempionatına hansı hədəf üçün qatılmışdınız?
– Əlbəttə, qızıl medal qazanmaq istəyirdim. Bilirdim ki, Tato Qriqaşvili ilə qarşılaşacağam. Amma onunla görüşədək uduzdum və mübarizəni bürünc medal üçün davam etdirdim. Yəqin, qismət belə imiş.
– İndiyə qədər gənclər və böyüklər arasında yarışlar nailiyyətləriniz olub. Amma dünya çempionatında medal qazanmaq möhtəşəm hissdir. Dünya çempionatında əldə etdiyiniz bu nəticə karyeranızda digər uğurlar üçün tramplin olacaqmı?
– Fikrimcə, bəli. Çünki böyüklərdə əsas yarışlardan medal götürməmişdim, Avropa çempionatlarında iki dəfə uduzmuşdum. Bu, ilk dəfə idi ki, dünya çempionatında böyüklər arasında yarışırdım. Bir dəfə gənclərin dünya çempionatında çıxış edərək, 5-ci yeri tutmuşdum. İlk dəfə dünya çempionatında 3-cü yeri tutdum. Əsas yarışlarda yer tuta bilməmək tilsimini qırdım. Ona görə də çox xoşbəxtəm. Hesab edirəm ki, bundan sonra bu, hər bir yarış üçün böyük bir təkan olacaq.
Bahar RÜSTƏM


No Comment! Be the first one.