"Qarabağ" avrokuboklarla vidalaşdı - YENİLƏNDİ
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində cavab oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Niderlandın “Tvente” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşün ilk yarısı qolsuz başa çatıb.
İlk qolu isə “Qarabağ” vurub. 59-cu dəqiqədə fərqlənən Kadi Borges səfərdə olduğu kimi, ev oyununda da Ağdam komandasının yeganə qolunun müəllifi olub.
Bundan sonra rəqib baş məşqçi Con van den Brom əvəzləmələr edərək, oyunda geridönüş edə bilib.
79-cu dəqiqədə Marko Pyatsa bərabərlik qolunu vurub. 90+2-ci dəqiqədə isə Maks Bruns fərqlənərək, oyunu əlavə vaxta daşıyıb.
İki hissədən ibarət 30 dəqiqəlik bölümdə isə “Tvente” daha 2 qol vurub. 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib. 106-cı dəqiqədə Veqhorst “Qarabağ”ın pleymeykeri Marko Yankoviçin ikinsi sarıdan qırmızı vərəqə ilə meydandan qovulmasının səbəbkarı olub.
114-cü dəqiqədə isə Yunes Taha “Qarabağ”ın yeni transferi Martin Zlomisliçin kobud səhvindən sonra topu ondan alaraq, oyunda son nöqtəni qoyub.
Beləliklə, “Qarabağ” Niderlandda 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, evdə böyük hesabla uduzaraq, avrokuboklarla vidalaşıb. Ağdam komandası ardıcıl 12 mövsüm əsas mərhələdə çıxış etdikdən sonra qitəmiqyaslı turnirlərdə iştirakını dayandırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin 2014/2015 mövsümündə “Tvente” üzərində qələbə ilə vəsiqə qazandığı əsas mərhələ macərası elə “Tvente” məğlubiyyəti ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab görüşü
20:15. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland) – 1:4 (ƏLAVƏ VAXT – 0:2)
Qollar: Kadi Borges, 59 – Marko Pyatsa, 79. Maks Bruns, 90+2. Vaut Veqhorst, 94. Yunes Taha, 114
Qırmızı vərəqə: Marko Yankoviç, 106 (“Qarabağ”)
Baş hakim: Rohit Saqqi
Yan xətt hakimləri: Anders Olav Dale, Ole Andreas Skoqsrud Haukasen
Dördüncü hakim: Marius Hansen Qrötta
VAR: Kristoffer Hagenes (hamısı Norveç)
VAR köməkçisi: Alan Kiyas (Avstriya)
Hakim-inspektor: Georgi Yordanov (Bolqarıstan)
UEFA nümayəndəsi: Attila Tömo (Macarıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0.



No Comment! Be the first one.