Qurban Qurbanov: Bu gün futbol trilleri baş verdi
“Futbolda triller olur, o da bu gün baş verdi”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Niderland “Tvente”sinə əlavə vaxtda 1:4 hesabı ilə uduzaraq, avrokuboklarla vidalaşdıqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra CBC Sport-a açıqlamasında deyib.
54 yaşlı mütəxəssis oyuna hazırlıqlı olmadıqlarını etiraf edib: “Bəlkə də hazır deyildik. Pley-off mərhələsinədək futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Bir kiçik səhv bu cür məğlubiyyətlərə gətirib çıxarır. Rəqib də texniki hazırlıqlı futbolçulardan ibarət idi”.
Qurbanov ardıcıl 13-cü mövsümdə avrokubokların əsas mərhələsinə vəsiqə imkanlarını əldən vermələrinə belə münasibət bildirib: “Ardıcıl 13-cü il qruplara qala bilərdik, amma alınmadı. Amma pozitiv yanaşmalı, qarşıdakı planlar barədə düşünməlidir. Belə seriyalardan sonra təzyiq, psixoloji basqı mütləq olur. Biz də insanıq, səhv edə, yorula bilərik. Belə məğlubiyyətlər gələcəyə geniş baxmağa kömək edir. Ümid edirəm ki, azarkeşlərimiz bizdən inciməzlər”.



No Comment! Be the first one.