"Qarabağ"ın prezidentindən "Qalatasaray" örnəyi: Bir nəfəri gücləndirərkən bütöv komandanı zəiflətmək olmaz
“Bir futbolçunu gətirib digər on futbolçunun özünü dəyərsiz hiss etməsinə səbəb olursansa, kağız üzərində güclənmiş görünə bilərsən, amma komanda daxilində başqa problem yarada bilərsən”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun transfer siyasətindən danışarkən deyib.
O bildirib ki, transfer qərarlarında yalnız futbolçunun fərdi keyfiyyətləri deyil, komandanın daxili maliyyə və status balansı da nəzərə alınmalıdır:
“Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir.
Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər.
Bu, o demək deyil ki, bütün futbolçular eyni məbləği almalıdır. Təbii ki, futbolçuların səviyyəsi, rolu, təcrübəsi və bazar dəyəri fərqlidir. Amma fərqlər izaholunan və sağlam struktur daxilində olmalıdır.
Biz çalışırıq ki, transfer etdiyimiz futbolçu həm idman keyfiyyətinə görə “Qarabağ”a uyğun olsun, həm də mövcud kollektivin daxilində yaradılmış balansı pozmasın. Bir nəfəri gücləndirərkən bütöv komandanı zəiflətmək olmaz.”
Tahir Gözəl yüksək səviyyəli futbolçuların Azərbaycana gətirilməsində yalnız maliyyə imkanlarının kifayət etmədiyini də vurğulayıb.
“Futbolda hər şeyi maliyyə ilə həll etmək olmur. Çox yüksək səviyyəli futbolçunu Azərbaycana gətirmək üçün ona yalnız yaxşı müqavilə təklif etmək kifayət etmir. Futbolçu qarşısında karyera perspektivi də görməlidir.
Reallıq budur ki, Azərbaycan çempionatı Avropanın ən yüksək səviyyəli liqaları sırasında deyil. Buna görə bəzən çox yüksək səviyyəli futbolçunu Azərbaycana gətirmək üçün ona yalnız yaxşı müqavilə təklif etmək kifayət etmir. Futbolçu qarşısında karyera perspektivi də görməlidir. “Qarabağ”ın bu baxımdan üstünlüklərindən biri Avropada davamlı iştirak etməsidir. Futbolçu bilir ki, burada yaxşı çıxış etsə, Çempionlar Liqasında və ya digər UEFA turnirlərində özünü göstərə bilər”.
“Qarabağ”ın prezidenti bu məqamda “Qalatasaray”ın transfer siyasətini nümunə göstərib.
“‘Qalatasaray’ı nümunə götürək. Klub Viktor Osimhenin transferi üçün 75 milyon avro ödəməklə Türkiyə futbolu üçün rekord məbləğə imza atdı. Digər tərəfdən, uzun illər komandanın əsas simalarından və azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri olan Mauro İkardi ilə 2026-cı ilin yayında yollar ayrıldı.
Burada məsələ Osimhenin və ya İkardinin hansı səviyyədə futbolçu olmasında deyil. Belə transfer təbii olaraq komandanın keyfiyyətini yüksəldir, amma eyni zamanda heyət daxilində mövcud maaş və status iyerarxiyasını da gündəmə gətirir. Osimhen və Mauro İkardi ətrafında yaranan müzakirələr də bir daha göstərdi ki, böyük transfer qərarında yalnız futbolçunun meydandakı keyfiyyəti deyil, komandanın daxili tarazlığı da nəzərə alınmalıdır”.
Tahir Gözəl əlavə edib ki, əsas məqsəd ayrı-ayrı transferlərlə deyil, bütövlükdə komandanın və klub sisteminin gücləndirilməsidir:
“Nümunənin mahiyyəti budur ki, hətta böyük büdcəli, böyük azarkeş kütləsinə malik və daim çempionluq üçün mübarizə aparan klublarda belə heyətin strukturu dəyişir. Futbol daim yenilənən oyundur. Əsas məsələ bir futbolçunun gəlməsi və ya getməsi deyil, klubun ümumi keyfiyyətinin və sisteminin qorunmasıdır”.


No Comment! Be the first one.