Kapitan saxtakarlıq etdi, millidən kənarlaşdırıldı
İsveçrə millisinin kapitanı Qranit Caka COVID-19 pandemiyası zamanı saxta vaksin sertifikatı əldə etdiyini etiraf edib.
Sportify.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkədə açıqlama yayıb.
O, həmin addımının səhv olduğunu bildirərək, məsuliyyəti öz üzərinə götürüb. Caka məsələ ilə bağlı səlahiyyətli orqanlarla tam əməkdaşlıq etdiyini də açıqlayıb: “COVID-19 vaksinasiyası ilə bağlı o vaxt şəxsən ciddi narahatlıq keçirirdim. Vaksinə qarşı dərin inamsızlığım var idi, qorxu və qeyri-müəyyənlik içində idim. Bu gün aydın görürəm ki, seçdiyim yol düzgün deyildi. Bu, səhv idi. Buna görə təəssüf edirəm. Qərarımla bağlı məsuliyyəti üzərimə götürürəm, məsələnin araşdırılmasında iştirak edirəm və səlahiyyətli orqanlarla tam əməkdaşlıq edirəm”.
Bundan sonra İsveçrə Futbol İttifaqı Cakanın qarşıdakı milli komanda toplanışında iştirak etməyəcəyini açıqlayıb. Qərarın futbolçu ilə federasiya rəhbərliyi arasında qarşılıqlı razılaşma əsasında qəbul edildiyi bildirilib.
Federasiyanın prezidenti Peter Knabel Cakanın məsuliyyəti üzərinə götürməsini müsbət qiymətləndirib: “Qranitin bu addımı atmasını və baş verənlərin nəticələrini qəbul etməyə hazır olmasını alqışlayırıq. Eyni zamanda, komandanın maraqları baxımından qarşıdakı oyunları onsuz keçirməyin doğru olduğuna birlikdə qərar verdik. Hazırda əsas məqsəd vəziyyəti sakitləşdirmək və bütün diqqəti komandaya və qarşıdakı vəzifələrə yönəltməkdir”.
İsveçrə yığması Millətlər Liqasında sentyabrın 26-da səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq. Komanda daha sonra Şotlandiya, Sloveniya və yenidən Şimali Makedoniya ilə oynayacaq. İsveçrə Futbol İttifaqı Caka ilə bağlı vəziyyətə milli komandanın hazırkı oyun pəncərəsi başa çatdıqdan sonra yenidən baxılacağını açıqlayıb.
Qeyd edək ki, Qranit Caka hazırda İngiltərənin “Sanderlend” klubunda çıxış edir. O, İsveçrə millisində 2011-ci ildən forma geyinir və 152 oyunda 18 qol vurub.



No Comment! Be the first one.