Qol vursam, komandam uduzsa, xoşuma gəlməz - Umarali Raxmonaliyev
“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev evdə Çexiya təmsilçisi “Slaviya Praqa”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra brifinq keçirib.
Sportify.az xəbər ki, özbəkistanlı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
– Oyun haqqında fikirləriniz necədir?
– Bu matç bizim üçün çox vacib idi. Qələbə qazanmaq istəyirdik və gözlədiyimiz nəticəyə nail olduq. Bu oyunu çox gözləyirdik. İlk ev matçımız olduğu üçün qələbə qazanmağımız önəmli idi. Qarşılaşma bir qədər çətin keçdi, çünki rəqib aqressiv oynayırdı. Lakin biz bu oyuna hazır idik, rəqibi təhlil etmişdik və buna görə də meydana hazırlıqlı çıxmışdıq.
– Sizin də qol imkanlarınız oldu, lakin onları dəyərləndirə bilmədiniz…
– Mənim üçün ən vacib məsələ komandanın qələbə qazanması idi. Qol vursam, amma komandam uduzsa, bu, mənim xoşuma gəlməz. Qol vursam və komandamız da qalib gəlsə, çox sevinərəm.
– Növbəti oyunlardan nə gözləyirsiniz?
– Bizi yenə də çətin oyun gözləyir. Buna görə də rəqibi təhlil etməli və qarşılaşmaya yaxşı hazırlaşmalıyıq. Növbəti oyuna daha güclü hazırlaşacağıq. Qarşıdakı matçlar daha keyfiyyətli və çətin rəqiblərə qarşı olacaq.
– “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində neçə xal toplamaq şansını necə qiymətləndirirsiniz?
– Məşqçilərimizlə oyunlardan və ya turlardan əvvəl nəticələr barədə danışmırıq. Nəticə Allahdan asılıdır. Biz isə qarşılaşmalara maksimum səviyyədə hazırlaşmalıyıq. İnşallah, meydana 100 deyil, 200 faiz hazır çıxacağıq. Hər metr uğrunda canımızla, ürəyimizlə mübarizə aparacağıq. Nəticənin necə olacağını isə əvvəlcədən bilmək mümkün deyil.
– Özbəkistandan da dəstək var idi. Bu barədə nə deyə bilərsiniz?
– Bu gün gördünüz ki, stadionda Özbəkistan bayrağı da var idi. Özbəkistandan olan qardaşlarımız da bizə dəstək olmaq üçün gəlmişdilər. Düşünürəm ki, növbəti oyunlarda onların sayı daha da artacaq.
Bahar RÜSTƏM



No Comment! Be the first one.