Qurban Qurbanov: 1000 oyunumuzun hamısında iştirak edən azarkeşlərimiz var
“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Komandamız çox əziyyət çəkdi və intizamlı oyun qurmağa çalışdı. Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım idi və futbolçularım bunu bacardılar”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “İmişli”yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis komandanın 1000-ci oyununda qələbə münasibətilə azarkeşlərə də təbriklərini çatdırıb: “Bu, çempionatda mininci oyunumuz idi. Bəlkə də azarkeşlərimiz arasında min oyunun hamısında iştirak edənlər var. Onlara təşəkkür edirəm. Bu oyunda qalib gəldiyimiz üçün çox şadam. Azarkeşlərimizin əziyyətini dəyərləndirdik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq. Fərid Namazov və onun komandasına uğurlar arzulayıram”.
Qurbanov milli fasilədən sonra komandaya yeni qoşulan futbolçuların uyğunlaşma dövrünü hələ tam keçmədiklərini diqqətə çatdırıb: “İstər-istəməz çatışmazlıqlarımız var. Təxminən 20 gün idi ki, futbolçularımızın bir qismi komanda ilə birlikdə deyildi. Zədəli oyunçularımız da var idi. Buna baxmayaraq, futbolçular böyük istəklə və məsuliyyətlə hazırlaşırlar. Onların tam formaya qayıtmaları və komandaya uyğunlaşmaları üçün bir qədər də vaxt lazımdır. Hər birindən razıyam. Görürəm ki, çox istəkli və peşəkardırlar”.



No Comment! Be the first one.