Qurban Qurbanov: Zubirə vida matçı təklif etmədik - VİDEO
“Abdullah Zubirə vida matçı təklif etmədik. Bu, bir neçə günün içində baş tutan məsələ oldu”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Abdullah Zubirin 8 ilədək çıxış etdiyi komandadan ayrılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, indiyədək heç bir oyunçuya vida matçı təklif etməyiblər: “Həm hazırda buna vaxt yoxdur, həm də bizdə hələ bu yöndə bir hal olmayıb. Bəlkə də hansısa futbolçu üçün vida matçı keçirmək barədə gələcəkdə düşünmək olar. Çünki həm Zubir kimi, həm də komandamızda 10-15 il çıxış etmiş futbolçularımız olub. Onlara da vida matçı keçirmək olar. Amma hələ belə bir fikir yoxdur”.
Qurbanov fransalı yarımmüdafiəçinin şəxsi keyfiyyətlərindən də danışıb: “Zubir həm sadə oğlandır, həm də ədəb-əxlaqı yerində olan birisidir. Vida oyunu keçirdin-keçirmədin, buna bir o qədər də önəm verməz. Buradakı iş və həyat tərzini həmişə dəyərləndirib və həzz alıb. Bu, məncə, onun üçün yetərlidir. Zubir yaxşı futbolçu, “Qarabağ” üçün çox faydalı və mənim də düşüncələrimə uyğun birisi idi”.
54 yaşlı mütəxəssisin fikrincə, Zubir kimi futbolçular hər məşqçiyə nəsib olmur: “Belə ayrılıqlar çox olub. Zatən futbolçu ömrü var. Bundan hansı dərəcədə maksimum yararlanmaq önəmlidir. Bu isə hər futbolçuya nəsib olmur. Eləcə də Zubir kimi futbolçular hər deyən baş məşqçiyə də nəsib olmur. İnanın ki, indiyədək o, komandada nə bir məşq buraxıb, nə nizam-intizamı pozub, nə də zədə alıb. Araşdırsaq, görərik ki, çox az oyunda çıxış etməyib. Meydançada və meydançadan kənarda, kollektiv daxilində o qədər intizamlı, sağlam birisi idi ki, işi də saat kimi idi. Bu cür intizamlı və peşəkar futbolçuların sayının daha çox olmasını istərdim. Amma hər bir futbolçunun öz keyfiyyəti var. Ondan maksimum yararlanmağa çalışırıq”.
Baş məşqçi “Qarabağ”ın hücum xəttində yenə dəyişikliklər etmək istədiklərini etiraf edib: “Təkcə Zubirin deyil, bütün mövqelərə oyunçu axtarışlarındayıq. Sırf eləsi olmayacaq, amma başqa birisinin üstün keyfiyyətlərindən yararlanacağıq”.
Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”da 2018-ci ildən forma geyinirdi. O, tezliklə Qətərin “Əl Şahaniyə” klubu ilə müqavilə bağlayacaq.



No Comment! Be the first one.