Qutsulyakın agenti: "Neftçi"dən 70 min avro istəməmişik
Ukraynalı futbolçu Oleksiy Qutsulyakın “Neftçi”yə keçə biləcəyinə dair məlumatlar həqiqətə uyğun deyil.
Sportify.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin agenti Oleq Avdiş açıqlama verib.
O, “Neftçi” ilə heç bir danışıqların aparılmadığını bildirib: “Jurnalist İqor Burbas Oleksiyin “Neftçi” ilə danışıqlar apardığını açıqlayıb. Mən bunu tamamilə inkar edirəm. Biz bu komanda ilə danışıqlar aparmamışıq. Onlardan nə 70 min avro, nə də başqa məbləğdə aylıq maaş istəmişik. Oleksiyin maaş tələbi bundan dəfələrlə yüksəkdir. Bu rəqəmlər artıq internetdə də səsləndirilib. Onun illik maaş tələbi 1-2 milyon avro arasında dəyişir. Bu, futbolçunun hansı ölkəyə gedəcəyindən, vergi sistemindən və digər şərtlərdən asılıdır”.
Avdiş nəinki “Neftçi”, Azərbaycanın heç bir klubu ilə danışıqlar aparmadıqlarını diqqətə çatdırıb: “Mən Bakıda olmuşam, Azərbaycanın müxtəlif top-klublarının rəhbərliyi ilə görüşmüşəm. Yaxşı münasibətlərimiz var. Digər məsələlərlə bağlı ünsiyyətimiz olub, lakin Qutsulyak barədə ümumiyyətlə söhbət getməyib”.
Avdiş İqor Burbasın məlumatlarını da tənqid edib və “Neftçi”nin də bu iddianı təkzib edə biləcəyini bildirib: “Burbasın proqramı qalmaqallar və qarşıdurmalar üzərində qurulub, amma bir qədər daha real mövzular seçmək lazımdır. İstəsəniz, “Neftçi”də fakt-yoxlaması apara bilərsiniz – onlar da bunu sizə təkzib edəcəklər. Mən belə məlumatların yayılmasında məntiq görmürəm. Çünki onların təkzibindən sonra yaranacaq imic də müvafiq olacaq”.
Qeyd edək ki, “Neftçi” hazırda ukraynalı baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında çıxış edir. Vernidubun özü də belə bir iddiaları təkzib edib.



No Comment! Be the first one.